“Range Rover”i 200 km/saat sürətlə idarə edən qadın sürücü, videogörüntüsü media tərəfindən ictimailəşdikdən sonra saxlanıldı.
Məsələ burasındadır ki, “Range Rover” markalı 77-ES-777 nömrə nişanlı avtomobili 200 km/saat sürətlə idarə edərək videoya çəkən sürücü Axundzadə Əsmət Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün barəsində müvafiq sənədləşmə aparılmışdı.
Amma görünür qanunun Aliliyinə əhəmiyyət verməyən bu xanımın niyyəti “burada mənəm, Bağdada kor xəlifə” idealogiyası ilə Azərbaycan hüquq-mühafizə orqanlarının işinə kölgə salmaqdır.
Barəsindəki qərara dırnaqarası yanaşma sərgiləyən bloger haqqında məlumat yayan səhifələrə kiber hücumlar təşkil etməklə hədə-qorxu gəlir.
“Dayday”ının kimliyi bəlli olmasa da, qanunun əksinə iş çevirdiyi bəs-bəllidir.
Yəqin qanunun şah, qanun pozanın isə sonda mat olduğunu unudub. Unudubsa xatırlatmaq bizim işimizdir.
Hətta Cənab Prezidentin belə hər çıxışında özünü xalqın xidmətçisi adlandırması, məmurlara bununla bağlı sərt xəbərdarlıq etməsi, görünür bu qəbildən olan insanlara təsir etməyib.
Bu ölkədə nəinki hansısa bloger, heç onların yüksək çinli havadarları belə qanuna qarşı çıxa bilməz!
Patrul.az olaraq Daxili işlər naziri Vilayət Eyvazov Cənablarından məlum məsələni diqqətdə saxlamasını və hadisəyə düzgün hüquqi qiymətin verilməsini xahiş edirik.
Onu da xatırladaq ki, məlum hadisədən sonra BDYPİ bir daha bütün yol hərəkət iştirakçılarına müraciət edərək, onları reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməməyə çağırıb. Xüsusilə belə şəxslər barəsində ciddi tənbeh tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq da edib.(Patrul)