Tezadlar.az-a Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikro rayon, Süleyman Sani Axundov küçəsi, 3123-cü məhəllə, 3A (poçt ünvanı), 12 mərtəbəli, bir bloklu, 36 mənzilli eksperimental layihəli binanın sakinləri adından Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova ünvanlanmış müraciəti daxil olub.
Müraciətdə deyilir:
“Hörmətli Fuad müəllim!
Bildiririk ki, 29 dekabr 2023-cü il tarixdə nümayəndəmiz Məmmədov Sahib Mikayıl oğlu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş, üzləşdiyimiz problemlə bağlı ona ətraflı məlumat verilmişdir. Eyni zamanda, məsələ ilə əlaqədar sizə rəsmi məktubla müraciət olunması tövsiyə edilmişdir.
Bununla əlaqədar bildiririk ki, 1985-ci ildə istismara verilən monolit tökmə betonlu birbloklu binamızın zirzəmisinin divarında 2010-cu ildə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin o vaxtkı rəisi Rəşad Yusifov qanunsuz olaraq qapı boşluğu açdırmış, nəticədə binanın əsas konstruksiyasına ciddi ziyan dəymişdir.
Eyni zamanda, zirzəmidə binanın müvafiq layihəsinə uyğun olaraq çəkilən kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, 1 və 2 otaqlı mənzillərin ventilyasiya xətləri kərpiclə hörülərək havalandırma sistemi iflic vəziyyətə salınmış, divarlarda iri çatlar əmələ gəlmişdir. Çatlar binanın beşinci mərtəbəsinədək çataraq sakinlərin yaşayışı üçün ciddi təhlükə yaranmışdır. Hesab edirik ki, özbaşına aparılan söküntü və tikinti işləri aparılaraq dövlət əmlakına qəsdən zərər vurulması, insanların həyat və sağlamlığı üçün real təhlükə yaradılması cinayət tərkibli əməllərdir və bunun səbəbkarları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cəzalandırılmalıdır.
Qanunsuz görülmüş işlərə qanuni don geydirmək istəyən Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Rəşad Yusifov saxta sənədlər əldə edərək sübut etməyə çalışırdı ki, guya binanın layihəsində qapı nəzərdə tutulmuşdur. Bu, azmış kimi, o, hətta 2012-ci ildə həyat yoldaşı Xumarə Mədət qızı Yusifovanın adına müvafiq Çıxarış da almışdır. Hesab edirik ki, həmin Çıxarışın qanuniliyi hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.
Təəssüflər olsun ki, 5 ildən çoxdur müvafiq dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Baş prokurorluğuna, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə yazılan məktub və müraciətlərimizə baxmayaraq, heç bir tədbir görülməmişdir. Binəqədi Mənzil Kommunal Təsərrüfat Departamentinə ünvanlanmış və 36 mənzildə yaşayan sakinlərin maraqları heçə sayılaraq problem həll edilməmişdir. Belə ki, Binəqədi Mənzil Kommunal Təsərrüfat Departamenti zirzəminin özəl olduğunu, zirzəmidə heç bir dəyişikliyin baş vermədiyini və binanın qəzalı vəziyyətdə olmadığını bildirmişdir. Ancaq biz məsələyə yerində baxılması üçün dəfələrlə müvafiq orqanların əməkdaşlarını dəvət etsək də, bu baş verməmişdir.
Hörmətli Fuad müəllim!
Bununla əlaqədar baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə məsələyə qanun çərçivəsində baxılmasını və monolit binanın zirzəmisinin ilkin vəziyyətə gətirilməsinə köməklik göstərməyinizi sizdən xahiş edirik.
Hörmətlə,
3 A binanın sakinləri”.