“Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98,31 % ilə 5 ulduzluq rekord nəticə əldə edib.
“Zirvə yolu”nun məlumatına görə, bunu ASC-nin “ASAN Xidmət”lə İş Departamentinin direktor müavini İnam Yusifov bu gün qurumun 2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ilin fevralın 20-də “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib: “Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə sistemləşdirilməsi, xidmətdən yararlanma və xidmət üçün ödəniş imkanlarının inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, şikayət mexanizmlərinin inkişaf etdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin ölçülməsi və ən əsas da elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır”.
O qeyd edib ki, bu məqsədlə 2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib: “Azərişıq” vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə xidmətləri onlayn platformaya inteqrasiya edib və göstərdiyi 17 adda xidmətdən 15 xidmət üzrə e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət etmək imkanı yaradıb. Tərəfimizdən Dövlət Xidmətlərinin Elektron Reyestrinə (DXR) daxil edilmiş xidmətlərin 2023-cü il üzrə xidmət səviyyəsinin ölçülməsi, məlumatların toplanılmasını, yoxlanılmasını, təhlilini və qiymətləndirilməsini aparmaq üçün “ASAN xidmət indeksi”ni təşkil edən 155 adda meyarlar və altmeyarlar üzrə tərəfimizdən ümumilikdə 1395 sorğu cavablandırılmış, əsaslandırıcı sənədlər təqdim olunub”.
İ.Yusifov əlavə edib ki, ötən illərdə də “Azərişıq” xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar əldə edib, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda yer alıb: “2023-cü il üzrə əldə olunan nəticə tərəfindən həyata keçirilmiş sistemli və məqsədəuyğun islahatların nəticəsidir. Bundan sonra da “Azərişıq” tərəfindən xidmətlərin genişləndirilməsi, elektronlaşdırılması istiqamətində işlər davam etdiriləcək və növbəti illərdə də müştəri məmnunluğunun yüksək səviyyədə saxlanılması üçün tədbirlər görüləcək”.