Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri ilə görüşüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.
Əvvəlcə qonaqlar AMEA-nın Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar. Görüşdə çıxış edən akademik İsa Həbibbəyli Müdafiə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən təşkil edilən hərbi attaşelərin ziyarətinin Akademiyanın həyatında fərqli səhifə olduğunu söyləyib.
Akademiya rəhbəri AMEA Rəyasət Heyətinin yerləşdiyi İsmailiyyə binasının tarixinə də toxunub, neft milyonçusu Musa Nağıyevin oğlu İsmayılın şərəfinə tikdirdiyi binanın Şərq-Qərb memarlığının sintezini əks etdirdiyini vurğulayıb.
Azərbaycan elminin tarixi barədə məlumat verən akademik İsa Həbibbəyli ölkəmizdə elm tarixinin qədim olduğunu, lakin elmi-təşkilati qurum şəklində XX əsrin ilk yarısında formalaşdığını, Milli Elmlər Akademiyasının isə 1945-ci ilin 27 martında təsis edildiyini diqqətə çatdırıb. Bildirib ki, 2025-ci ildə 80 illiyini qeyd edəcəyimiz AMEA ötən illər ərzində respublika və dünya əhəmiyyətli bir çox uğurlara imza atıb, yetişdirdiyi görkəmli alimlərlə dünya elminə bənzərsiz töhfələr verib.
Qeyd edib ki, ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan elmində böyük islahatlar həyata keçirilib və yeni formatda Humanitar və İctimai Elmləri, həmçinin seysmologiya elmini əhatə edən AMEA özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. AMEA prezidenti diqqətə çatdırıb ki, hazırda Akademiyanın elmi müəssisələrində, regional bölmə və mərkəzlərində, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi və Mərkəzi Elmi Kitabxanasında müasir dövrün çağırışlarına uyğun tədqiqatlar aparılır, kitablar nəşr olunur, ölkəmizin maraqlarına uyğun beynəlxalq əlaqələr qurulur.
Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın beynəlxalq əlaqələrinə də toxunub, Elmlər Akademiyasının Türkiyə, Pakistan, Mərkəzi Asiya ölkələri, Çin, Yaponiya, Monqolustan, Polşa, Bolqarıstan, Almaniya, İspaniya, İtaliya, Misir, İraq və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, birgə layihələrin, konfransların keçirildiyini, kadr mübadiləsinin baş tutduğunu, eləcə də kitabların nəşr olunduğunu söyləyib.
Ali Baş Komandan İlham Əliyevin liderliyində Vətən müharibəsində qazanılmış tarixi qələbənin Azərbaycan ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdiyini deyən AMEA rəhbəri dövlət başçısının müharibədən ötən müddət ərzində Ermənistanla sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərdiyini, Azərbaycanın daim sülhün tərəfdarı olduğunu söyləyib.
Sonra çıxış edən Türkiyənin ölkəmizdəki hərbi attaşesi general-mayor Soner Oruçoğlu qəbula və qonaqpərvərliyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. AMEA-nın ötən illər ərzində əldə etdiyi nailiyyətlərdən məmnun qaldığını deyən Soner Oruçoğlu elmin paylaşdıqca zənginləşdiyini söyləyib, Milli Elmlər Akademiyasının dünya elminə verdiyi töhfələrə görə təşəkkürünü bildirib.
Sonda qonaqlara hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.