İsveçrə ilə qarşılaşmadakı səhvləri aradan qaldırıb növbəti matça bacardığımız qədər hazırlıqlı çıxmalıyıq.
“Zirvə yolu” xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev səfərdə İsveçrəyə uduzduqları (53:72) DÇ-2027-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Mütəxəssis yığmanın matçın əvvəlində yaxşı təsir bağışladığını bildirib: “Sonradan görüşdə bir az fərdi oyuna üstünlük verildi. Bəlkə də komanda çoxdandır belə turnirlərdə mübarizə aparmadığı üçün oyunçular bir-birilərini yaxşı başa düşmürlər. Bunun üzərində işləməliyik”.
Baxşıyev uzun müddət beynəlxalq yarışlarda iştirak etməməyin milliyə çətinlik yaratdığını söyləyib: “Birinci oyun daha yaxşı ola bilərdi. İlk və ikinci hissədə yaxşı oyun sərgilədik. Təəssüflər olsun ki, bunun davamını gətirə bilmədik. Səhvlərin üzərində işləyəcəyik”.
Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.