Gəncədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
“Zirvə yolu” xəbər verir ki, Gəncə şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Tədbir Xocalıdan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə faciə qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsinin önündə təşkil edilib. Azərbaycan respublikasının dövlət himninin səsləndirilməsindən sonra iştirakçılara Xocalı faciəsi barədə məlumat verilib. Saat 17:00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra abidə ziyarət olunub. Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncədəki baş konsulu Rəcəb Öztop, Gürcüstanın vitse-konsulu Şota Dolidze, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və Xocalı sakinləri iştirak ediblər.
Qeyd edək ki, 1992-ci ildə fevralın 25-dən 26-sına keçən gecə erməni vandalları, Rusiyanın 366-cı motoatıcı alayının köməyilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı divan tutub. Nəticədə tarixin qanlı səhifələrinə düşən dəhşətli gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə bugünə qədər də naməlum olaraq qalır. Xocalı soyqırımı dünyanın bir çox ölkələri tərəfindən tanınmış və faciəyə hüquqi qiymət verilmişdir. 2023-cü il sentyabr ayının 19-da Qarabağ iqtisadi rayonunda keçiriən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri düşmən tapdağından tamamilə azad edildi. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı.
Aqşin Əsgərov: Bölgə müxbiri