2023-cü ildə Abşeron dairəvi dəmir yolu xəttinin stansiyalarında bank kartları ilə 1,1 milyon manat dəyərində 1,2 milyon dəfə ödəniş edilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 2,2 dəfə çoxdur.
Xatırladaq ki, AMB, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azərbaycan Dəmir Yolları” QSC və “Visa” beynəlxalq kart təşkilatı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icrasına 2020-ci ildə start verilmiş “Ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi” layihəsi 2021-ci ilin iyun ayında real rejimində sərnişinlərin istifadəsinə təqdim olunub. Layihənin icrası nəticəsində Bakı və Sumqayıt şəhərləri arasında hərəkət edən sürətli sərnişin qatarlarına minmək üçün istənilən bankın ödəniş kartları vasitəsilə təmassız ödəniş imkanı yaradılıb.
Hesabat dövründə Bakı şəhəri üzrə ictimai nəqliyyatda gedişhaqlarının ödənilməsində istifadə olunan kartların balansının artırılması üzrə həyata keçirilən nağdsız əməliyyatların sayı 2,5 milyon, məbləği isə 8,7 milyon manat olub. İl ərzində sürətli pul köçürmə sistemləri vasitəsilə daxilolmaların məbləği 2,5 milyard manat ekvivalentində, xaricolmaların məbləği isə 616,4 milyon manat ekvivalentində olub.