Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi – Bakı ultra marafonunun açılış mərasimi olub.
“Zirvə yolu”nun məlumatına görə, ilk dəfə təşkil edilən yarışın açılışı Xankəndidə baş tutub.
İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndidə yarış keçirməyin onlar üçün böyük fəxr olduğunu bildirib: “Bu, Azərbaycanda keçirilən ilk beynəlxalq yürüşdür. Hər kəsə uğurlar arzulayıram. Yol uzaqdır və hava soyuqdur. Buna baxmayaraq, idmançıların məsafəni qət edəcəklərinə inanıram”.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov da öz növbəsində iştirakçılara uğurlar arzulayıb: “Burada tarixi anı yaşayırıq. Azərbaycanda ilk dəfə bu məsafədə beynəlxalq ultra marafon təşkil olunur. Bu tarixi anı bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 389 km-dən sonra hər birinizi Bakıda gözləyəcəyik”.
Sonda Azərbaycan Dövlət Himni səslənib.
Qeyd edək ki, ultra marafon iştirakçıları Xankəndi – Yevlax (83 km), Yevlax – Ucar (84 km), Ucar – Hacıqabul (88 km), Hacıqabul – Qobustan (70 km) və Qobustan – Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.