“Zirvə yolu” “Azerinews.az”a istinadən xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında “Muğam gecələri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, professor Mənsum İbrahimov konsert proqramı ilə çıxış edib.
Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və şəhər ictimaiyyəti qonaq qismində iştirak ediblər.
Bir-birindən zəngin xalq mahnıları və muğamlar ilə çıxış edən xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.
Tələbələri ilə eyni səhnəni bölüşən Xalq artistinin çıxışı alqışlarla qarşılanıb.
Mənsum İbrahimov Gəncə tamaşaçılarına öz dərin təşəkkürünü bildirib.
Konsert proqramının sonunda xatirə şəkli çəkdirilib.
Aqşin Əsgərov: Bölgə müxbiri