Manşet Siyasət

Azərbaycan-Braziliya siyasi məsləhətləşmələrinin növbəti raundu keçirilib

Fevralın 29-da Bakı şəhərində Azərbaycan və Braziliyanın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu keçirilib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Braziliya nümayəndə heyətinə isə Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi (nazirin birinci müavini) xanım Maria Laura da Roşa rəhbərlik edib.

Görüşün əvvəlində xanım Maria Laura da Roşa yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvanın adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış təbrik məktubunu təqdim edərək, ali ünvan sahibinə çatdırılmasını xahiş edib.

Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, turizm və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə təhsil, mədəniyyət, kənd təsərrüfatı, gömrük işinin təşkili, sərmayələrin təşviqi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə müqavilə-hüquq bazasının yaradılmasına qarşılıqlı dəstək ifadə olunub.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda cari ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin həm ikitərəfli, həm də COP Üçlüyü (“Troika”) çərçivəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı diqqətə çatdırılıb. Bu xüsusda ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Qarşı tərəf cari ilin noyabr ayında Braziliyanın sədrliyi ilə keçiriləcək “Böyük İyirmiliyin” (G20) Sammiti qarşısında duran hədəflər və bu xüsusda Braziliyanın prioritetləri barədə məlumat verilib.

Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın sülh gündəliyi və bu xüsusda bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir