“Bizi aldatdılar ki, axşam çıxaracağıq, sabah çıxaracağıq…” – Bakı Sağlamlıq Mərkəzi adlı QƏSSABXANA…
Bakı Sağlamlıq Mərkəzində 11 yaşlı qızın dişinə plomb qoyulması üçün narkoz verilib və o, komaya düşüb.
Bu barədə “Toplum” TV-də qızın atası Zamin Babayev bildirib. Onun sözlərinə görə, xəstəxanada qızını müayinə etmədən narkoz verilib: “Fevralın 21-də qızım Xədicəni apardım Bakı Sağlamlıq Mərkəzinin üçüncü mərtəbəsində yerləşən stamatoloji kabinetə. Uşağın iki dişinə plomb qoyulmalı idi, bir dişində isə kanal təmizlənməsinə ehtiyac vardı. Biz narkozla bağlı müraciət etməmişdik, həyat yoldaşım narkoz veriləcəyini deyəndə etiraz etmişdi. Biz sedasiya soruşmuşuq, sedasiya istəmişik. Həkim israr edib narkoz olsun deyə. Mən bu dialoqda iştirak etməmişəm, anası ilə olub söhbət. Mən çatanda artıq stamotoloji kabinetə salmışdılar uşağı və valideyni çıxarmışdılar. Lap valideyn narkoz istəsə belə, uşaq müayinədən keçirilməli idi. Narkozdan öncə lazım olan prosedurların heç biri yerinə yetirilməyib. Əməliyyat başlayandan təxminən 40 dəqiqə sonra kabinetə yaxınlaşanda gördük ki, həyəcan var. Uşağın başının üstünə həkimlər yığılmışdı. Bizi aldatdılar ki, təzyiqi düşüb, onu qaldırdıq, yaxşıdır, reanimasiyaya götürürük, 1 saarta özünə gələcək. Görünən odur ki, uşaq huşunu itirəndə ona ilkin tibbi yardım da düz-əməlli göstərilməyib. Mənim istədiyim budur ki, günahkarlar cəzalandırılsın və başqa valideynlər də bu əziyyəti çəkməsinlər”.
Z.Babayevin sözlərinə görə, qızı 4 gün Bakı Sağlamlıq Mərkəzində saxlanılıb: “Bizi aldatdılar ki, axşam çıxaracağıq, sabah çıxaracağıq. Beyin zədələnməsində oksigensiz qalmanın ilk 72 saatında doğru müdaxilə edilərsə beyini mümkün qədər qorumaq olur. O saxlanma səbəbindən fəsadlar artıb. Hətta müayinə nəticələri göstərir ki, hadisə baş verəndə ilk 15-20 dəqiqədə uşağa düzgün müdaxilə edilməyib. İlk 72 saatda bizi aldatmasaydılar indi mənim övladımın sağalmasına daha çox ümid vardı”.
Z.Babayev bilirib ki, hadisə ilə bağlı hüquqi addımlar atacaq.
AFN.az