Tələbə qızlar bu gün evə buraxılıblar
Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmiş tələbə qızlardan yeni xəbər var.
AYNA-ya Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbə qızlar bu gün evə buraxılıblar.
“21 noyabr tarixində Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasından zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardımla Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə qız bugün saat 14:50-də evə yazılıblar”, – deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri – 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki tələbə isə – 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.