Hərb Manşet

Ötən il 222 adda müdafiə təyinatlı məmulat güc strukturlarına təhvil verilib

Keçən il Müdafiə Sənayesi Nazirliyinin tabeli birlik və müəssisələrində 222 adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək güc strukturlarına təhvil verilib.

“Zirvə yolu” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat ilində 47 mövzu üzrə təcrübi-konstruktor işləri aparılaraq Nazirliyin tabeliyində olan müəssisələr tərəfindən 6 adda müdafiə təyinatlı məmulatın yaradılma işləri tam başa çatdırılmış və silahlanmaya tövsiyə olunub.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2023-cü ildə müdafiə təyinatlı məmulatların yaradılması işləri istiqamətində 13 mövzu üzrə təcrübi-konstruktor və 11 mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilib.

Bundan başqa, Milli Aerokosmik Agentliyi tərəfindən 2023-cü ildə 53 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb.

Ötən ilin İstehsal Proqramına uyğun olaraq Müdafiə Nazirliyi və digər güc strukturlarının sifarişlərinə əsasən müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyasına dair 162691,1 min manat məbləğində müqavilələr bağlanılmış və icra edilib.

2023-cü ilin İstehsal Proqramına əlavə olaraq güc strukturları ilə yanaşı digər təşkilat və qurumlarla 207,7 min manatlıq müqavilələr imzalanmış və tam həcmdə icra edilmişdir. Hesabat ilində Nazirliyin tabeli müəssisələri tərəfindən ixrac edilən məhsulların Ümumi həcmi kooperasiya nəzərə alınmaqla 285318,5 min manat, o cümlədən mülki məhsullar üzrə 3649,7 min manat təşkil etmişdir.

Nazirliyin tabeli müəssisələri tərəfindən 2023-cü il ərzində 13,2 mln. manat məbləğində mülki və ikili təyinatlı məhsul istehsal edilib.

Qeyd etmək lazımdır ki, artıq Nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1000 ətrafındadır. 2023-cü ilin İstehsal Proqramında 42 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri nəzərdə tutulmuş və onların təmiri üzrə müqavilələr imzalanaraq tam icra olunub.

2023-cü ilin İstehsal Proqramı üzrə 286 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanmış və tam icra olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir