Müşahidələr göstərir ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Qeyd olunub ki, bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. Təhlükənin miqyasını nəzərə alaraq NİİM növbəti maarifləndirici videoçarxı hazırlayıb.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.