Mingəçevir şəhər sakini Teymurov Mirəli Məcid oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Mingəçevir Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev onu qeyri-qanuni işdən azad edib, məhkəmədə işə bərpa qərarı çıxarmağına baxmayaraq, onu işə götürmürlər:
“Mən, Teymurov Mirəli Məcid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Faiq Abdullayev məni qeyri-qanuni olaraq işdən çıxarıb.
1988-ci ildə Vedibasar rayonundan qaçqın düşmüşəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Xəstəxanada sürücü işləyirdim. Heç bir səhvim, günahım olmadan direktor məni işdən uzaqlaşdırdı.
Otağına girdim, xahiş etdim ki, müharibə iştirakçısı olmuşam, veteranam, işdən çıxarmayın. Lakin “mənə nə, çıx çölə”, – deyə otağından qovdu.
Bəlkə işdən çıxarılma səbəbini də öyrənərəm deyə növbəti dəfə yenə qəbuluna getdim. Sanki direktor məni gördükcə əsəbləşir. Mənə bildirdi ki, “sənin kitabın artıq bağlanıb, işə qaytara bilmərəm, get Müdafiə Nazirliyinə müraciət elə, veteran olmağına görə onlar sənə iş versinlər”.
Veteranlığı lağa qoyan insan təəssüf ki, xəstəxanada direktor işləyir. Mənim kimi canını vətən uğrunda qoyanlar da onun kimilərdən asılı oluruq.
Bu işin rahatlıqla düzəlməyəcəyini anlayıb, məhkəməyə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxardı.
Hörmətli Prezidentimiz də hər zaman deyir ki, veteranlara iş verilsin. Sağ olsun hakim, mənim işimə qayıtmağım üçün qərar verdi. Lakin xəstəxananın həkimi Faiq Abdullayev qərəzli şəkildə məni işimə qaytarmır, müxtəlif bəhanələr gətirir.
Məhkəmə qərarı da lazımsız bir sənəd kimi əlimdə qalacaqdısa, bəs mən onda niyə əziyyət çəkib məhkəməyə müraciət etdim?! Həkim “get hara kimə şikayət edirsen et, səni işə götürmürəm” deyir.
Hətta prezidentin veteranlar haqqında olan çıxışına da qulaq asmayaraq, qərarı rədd edir”.
Məsələ ilə bağlı Mingəçevir Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayevlə əlaqə saxladıq. O, suallarımıza cavab verə bilməyəcəyini, xəstəxananın əlaqə nömrəsinə zəng vurmağımız xahiş etdi. Amma xəstəxanaya bütün zənglərimiz cavabsız qaldı.