Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tender keçirmədən 2,1 milyon manatı bu şirkətə verdi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri və Füzuli rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” ilə əlaqədar satınalma müqaviləsi imzalayıb.
Ümumi dəyəri 2 milyon 155 min 417 manat 77 qəpik olan satınalma müqaviləsi “Az Graft Construction” MMC (VÖEN – 6200389011) ilə bağlanıb.
Qeyd edək ki, “Az Graft Construction” MMC-nin qanuni təmsilçisi Qasımov İsgəndər Bəhman oğludur. Şirkətin hüquqi ünvanı “Laçın rayonu Taxta körpü”dür. 1 000 manat nizamnamə kapitalı olan şirkət 6 avqust 2019-cu ildə dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, “Az Graft Construction” MMC dövlət qeydiyatına alındıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən və dəyəri milyonlarla manat olan çoxsaylı tenderlərdə qalib olub.
Hətta şirkətin 2021-ci ildə dövlət büdcəsinə 100 min manata yaxın vergi borcu olsa da, tender müsabiqələrində qalib olub.
Sonuncu satınalma müqaviləsi isə bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə həyata keçirilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1-ci maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
– Satınalma predmetinə təcili tələbat yarandıqda;
– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, təxminən 3 il əvvəl Ermənistan ordusunun Gəncə şəhəri və Füzuli rayonunda dağıtdığı fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin yuxarıda göstərilən hallardan hansına aid edildiyi barədə məlumat mövcud deyil.(yeniavaz.com)