İdman

Azərbaycan millisinin baş məşqçisi: Bütün güləşçilərin qarşısına olimpiadaya lisenziya qazanmaq məqsədi qoyulub

Bütün güləşçilərin qarşısına olimpiadaya lisenziya qazanmaq məqsədi qoyulub.

“Zirvə yolu”nun məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

40 yaşlı mütəxəssis Bakıda təşkil olunacaq Avropa Olimpiya Təsnifat Turniri öncəsi yetirmələrinin durumundan bəhs edib: “Avropa çempionatından sonra bu yarışa qədər iki təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulmuşdu. Qubadakı ilk hazırlıq prosesi çox faydalı oldu. Əsasən fiziki gücün artırılmasına hesablanmış toplanış idi. Ancaq taktika və texnikanın təkmilləşdirilməsinə də diqqət ayırdıq. Hazırda qısa fasilə vermişik. Martın 17-də ikinci toplanışa başlayacağıq. Bu dəfə sırf güləş xalçası üzərində taktiki-texniki çalışmalara üstünlük verəcəyik. Yoxlama görüşləri keçirəcəyik. Lisenziya turnirinə qədər ideal forma yığmağı planlaşdırırıq. Bakıda keçiriləcək təlim-məşq toplanışına Rusiyadan sınaqçı-rəqibləri dəvət etmişik. Xüsusən də ağır çəkilərdə buna ehtiyac var. Çünki bizim komandada bu baxımdan rəqabət zəifdir”.

O, yarışda iştirak edəcək heyətin böyük ölçüdə bəlli olduğunu söyləyib: “İstəyirik ki, “2-ci nömrələr” də hər an yarışa hazır olsunlar. Çünki istənilən idmançı xəstələnə və ya zədələnə bilər. Sonadək hər çəkidə 2 güləşçini yarışa hazırlayacağıq. Hələ ki, heyəti açıqlamırıq. Lisenziya turnirinə qədər “kartları açmaq” istəmirik. İştirak edəcək bütün güləşçilərimizə inanıram. Bəzi çəkilərdə rəqabət daha güclüdür. Ancaq bu, bizim hədəfimizi dəyişmir”.

Dünya və Avropa çempionu Avropa Olimpiya Təsnifat Turnirinin Bakıda keçirilməsinin müsbət və mənfi cəhətlərinin olduğunu bildirib: “Doğma divarlar” və azarkeş amili bir tərəfdən üstünlükdürsə, digər tərəfdən ikiqat məsuliyyət deməkdir. Təcrübə göstərir ki, güləşçilərimiz həmişə evdə yaxşı güləşirlər. İnanıram ki, doğma məkan və azarkeş dəstəyinin təsiriylə ümidləri doğruldacaqlar. Təbii ki, psixoloji təzyiq olacaq. Ancaq güləşçilərimiz bunun öhdəsindən gələ biləcək qədər təcrübəyə sahibdirlər. Ümid edirəm ki, bunu bacaracaqlar”.

X.Qazyumovun sözlərinə görə, rusiyalı güləşçilərin müxtəlif yığmaların heyətinə qoşulmaları onları narahat etmir: “Olimpiada ərəfəsində bir çox ölkələr Rusiyadan güclü güləşçiləri transfer ediblər. Bu, rəqabəti daha da gücləndirib. Ancaq qorxmağa dəyməz. İşləmək, məşq etmək, əziyyət çəkmək lazımdır. Hər gün 100 faiz gücünü ortaya qoymalısan. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələrdən ibarət millimizin böyük potensialı var. Azərbaycan Güləş Federasiyasının və məşqçilər korpusunun qarşıya qoyduğu məqsəd Yay Olimpiya Oyunlarında və dünya çempionatlarında ən yüksək səviyyədə çıxış etməkdir”.

Baş məşqçi sonda azarkeşlərdən dəstək istəyib: “Azarkeşlərə demək istəyirəm ki, Milli Gimnastika Arenasına gəlin, güləşçilərimizi qələbəyə səsləyin. Həm məşqçilər, həm də federasiya olaraq əlimizdən gələni edirik, ən yüksək səviyyədə təlim-məşq toplanışları keçirik, güləşçilərimizdən maksimum nəticə tələb edirik. Azarkeşlərin bir qədər səbirli olmalarını istəyirəm. Hamımız uğur qazanmaq istəyirik. İnşallah, belə də olacaq”.

Qeyd edək ki, güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-dən 7-dək Bakıda keçiriləcək. Hər çəkidə finala yüksələn idmançılar öz ölkələrinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandıracaqlar. Final görüşləri keçirilməyəcək və yarımfinallarda qələbə qazanan güləşçilər olimpiadaya vəsiqə əldə edəcəklər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir