Təhsil

Azad Mirzəcanzadə inkişaf proqramının qalibləri açıqlanıb

Regional İnkişaf İctimai Birliyi tərəfindən keçirilən, Azərbaycanda istedadlı gənclərin aşkar edilməsi və onların inkişafının dəstəklənməsinə istiqamətlənmiş Azad Mirzəcanzadə inkişaf proqramının qalibləri müəyyənləşib.

“Zirvə yolu” xəbər verir ki, üç mərhələdən ibarət olan proqramda münsiflər heyəti tərəfindən müsahibələrin keçirilməsi nəticəsində 6 qalib seçilib.

Yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həll yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədini daşıyan Azad Mirzəcanzadə inkişaf proqramının birinci mərhələsində aşağıdakı layihələr uğur qazanıb:

Birincisi, “SnackPack” layihəsi. Bu stratapın müəllifi ADA Universitetinin 4-cü kurs İT tələbəsi Ataxan Əhmədovdur. “SNACKPACK” mobil proqramı vasitəsilə iaşə müəssisələri üçün günün sonuna yaxın məhsullarını dəyişən və güzəştli qiymətə satmaq imkanı yaradılacaq.

İkincisi, “CH-Group art studio” layihəsi. Layihənin müəllifi Qazax şəhərindən gənc rəssam Aysan Omarovadır. O, 2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ sənət fakültəsini bitirib. Hazırda Qazax Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyət göstərir. “CH-Group art studio” layihəsi üzrə Qazaxda rəssamlıq və ustad dərslərinin keçilməsi, yaşından və bacarığından asılı olmayaraq hər kəs üçün əlçatan olan incəsənət studiyasının yaradılması planlaşdırılır.

Üçüncüsü, “Sərhədsiz Gənc” layihəsi. Layihənin müəllifi Gülşən Səfərova 2023-cü ildə Gəncə Dövlət Universitetinin Kimya-biologiya müəllimliyi fakültəsini bitirib. Hazırda Ağdaş rayonunda orta məktəbdə biologiya müəllimi kimi fəaliyyət göstərir. Həmçinin özəl layihələr çərçivəsində gender bərabərliyi üzrə mentorluq edir. Təqdim etdiyi layihə Mərkəzi Aran regionunda gender bərabərliyi mövzusunda interaktiv metodlardan istifadə etməklə təlimlər həyata keçirmək, “Erasmus+” proqramlarını təbliğ etməklə gənclərin dünyagörüşlərini artırmaq, fərqliliklərə, yeniliklərə açıq gənclər formalaşdırmaq məqsədini daşıyır.

Dördüncüsü, “SolarAgroWater” layihəsi: Kənan Arifli “Azərenerji” ASC-nın Təlim Mərkəzində təlimçi və Şimal Elektrik Stansiyasında Texniki şöbənin rəis müavini kimi fəaliyyət göstərir. Təqdim etdiyi layihə günəş enerjisindən istifadə etməklə kənd təsərrüfatında suvarma məsələlərinin həllinə töhfə verməyə istiqamətlənib.

Beşincisi, “Rəqəmsal Dünyada Ağlın idarə olunması” layihəsi. Təqdim olunan layihənin müəllifi Türkan Gözəllidir. O, İsmayıllı rayon Zərnava kənd tam orta məktəbində və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müəllim olaraq fəaliyyət göstərir. Layihəsinin məqsədi 100 nəfər, xüsusilə də ucqar kənd yerlərində təhsil alan və yaşayan məktəblilərə internet və internet resurslarından düzgün formada necə istifadə etmək qaydalarının öyrədilməsindən ibarətdir.

Altıncısı, “HygeSan4All” layihəsi. ADA Universitetinin Beynəlxalq ixtisas üzrə ikinci kurs tələbəsi Aysu Usubova tərəfindən təqdim olunan layihənin məqsədi Bakı şəhərinin məktəblərində gigiyena və sanitar şəraitin yaxşılaşdırılması, bu mövzunun əhəmiyyəti ilə bağlı şagirdlər arasında maarifləndirmə işlərin aparılmasıdır.

Azad Mirzəcanzadə inkişaf proqramının qaliblərinə layihələrini həyata keçirmək üçün maliyyə və təşkilati dəstək göstəriləcək.

Qeyd edək ki, ilk dəfə təşkil olunan bu proqramı 29 sentyabr 2023-cü il tarixindən elan edilmişdi. Proqramda 18-35 yaşlarında olan hər bir Azərbaycan vətəndaşının iştirakı nəzərdə tutulur. Proqram barədə məlumatlandırma məqsədilə paytaxt və regionların bir çox təhsil ocaqlarında tələbələr, eləcə də özəl sektor, mütəxəssislər və Azad Mirzəcanzadənin məzunlarının iştirakı ilə müxtəlif tədbirlər təşkil edilib, “Novatorları necə yetişdirmək olar?”, “Yaradıcı sənayedən necə pul qazanmaq olar?” və s. mövzularda panel müzakirələri keçirilib.

Proqramın ilk mərhələsində qeydiyyatdan keçən layihələr arasında 50-yə yaxın layihə ikinci mərhələdə iştirak hüququ qazanıb. Bu layihələrin nümayədənləri üçün mentorlarla görüşlər və təlimlər təşkil olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir