Cəmiyyət

“Nə bayram? Problem içində itib-batırıq…” – Naxçıvanda iqtisadi vəziyyət günbəgün ÇƏTİNLƏŞİR…

Ötən Novruzdan bu yana Naxçıvanda iqtisadi vəziyyət xeyli dəyişib, lakin mənfiyə: minlərlə iş yeri bağlanıb, maaşlar az qala yarıbayarı azaldılıb, qiymətlər qalxıb, muxtar respublikanı tərk edənlərin sayı artıb. Bütün bu dəyişikliklər bu ilki Novruz süfrəsinə, bayram əhval-ruhiyyəsinə də ciddi təsir edib.
Bir çox yerli sakin bildirir ki, işsizlik, banklara və mağazalara olan borclar səbəbindən heç, bayram yadlarına da düşməyib.
Şərur rayon sakini Bəhruz Babayev deyir ki, ötən il işləyib, maaş alırdı deyə, bayramı normal keçirə bilib. Bu il isə, işsizlik və borc səbəbindən bayram haqda düzünməyib:
“Nə bayram? Problem içində itib-batırıq. Bayram müftəxorların, haram yeyənlərin, xalqı talayanlarındır. Onların bu gün süfrələri bolluqdur, min cürə naz-nemət var. Fəhlə işləyirdim, onu da çox gördülər. Bir ildir işsizəm, banka da borcum var. Evimdə xəstəm var, dərman pulu tapa bilmirəm. Uşaq bir aydır Türkiyəyə işləməyə gedib. Gözləyirəm pul göndərsin borclarımı verim. Sağ olsun məhəllə dükanları ki, bizə nisyə mal verirlər. Onlara da boclanmışam. Daha gedib nisyə ərzaq da götürə bilmirəm. Bayra keçirmək yadıma da düşmür”.
Naxçıvan şəhər sakini Nizam Bayramov da insanların əvvəlki kimi bayram keçirə bilmədiklərindən şikayətlənib:
“Son bir ildə nsanların dərdi-səri artıb. Aptekədən xəstəsinə nisyə dərman götürən insan necə bayram keçirməyi düşünsün. İnsanlar artıq dükanlara nisyə yazılıb ərzaq götürür. Qiymətlər də od tutub yanır. Ailədə 4 nəfərik. Bir nəfər işləyir və 400 manat maaş alır. Çoxlu borcum var. Bununla neçə bayram keçirim? Naxçıvan son illərin ən bədbin bayramını yaşayır”.
Culfa rayon sakini Gülxar Rüstəmova isə deyir ki, oğlu bir neçə ay öncə işdən çıxarılıb və hazırda Türkiyədə iş axtarır:
“Övladlarımdan biri 3 ildir ailəlikcə Türkiyədədir. Fəhlə işləyib bizə baxan ikinci övladım da ötən il işdən çıxarıldı. Bir müddət iş tapa bilmədi. O da ailəsini götürüb Türkiyəyə qardaşının yanına getdi. Övladlarım yanımızda olmadıqdan sonra bizdə bayram əhvalı necə olsun? Həyat yoldaşım ikinci qrup əlildir. Gözümüzü onun təqaüdünə tikmişik. Son vaxtlar təqaüdlər də yubanır, onu də iynə-dərmana veririk. 5 toyuğum var, onların yumurtası ilə dolanırıq. Bayramdır deyə, onun birini kəsmişik. Qiymətlər baha olduğu üçün əlavə heç nə ala bilməmişik.”

Gündəlik Naxçıvan

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir