Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Ricon” MMC (VÖEN – 1900014631) olub.
Yeniavaz.com xəbər verir ki, daha əvvəl – 12 fevral 2024-cü il tarixində dövlət satınalmalar portalında yerləşdirilən məlumatda tender müsabiqəsində ümumi məbləğin 1 milyon 995 min 4 manat 95 qəpik olduğu göstərilib.
Dövlət satınalmalar portalında yerləşdirilən sonuncu məlumatda isə göstərilir ki, “MİDA” MMC ilə “Ricon” MMC arasında 2 milyon 253 min 253 manat 14 qəpik dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, tender müsabiqəsinin şərtlərinə görə, “Ricon” MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində baş plan üzrə yollar, səkilər, abadlıq və ərazinin yaşıllaşdırılması işlərini həyata keçirəcək.
Məlumat üçün bildirək ki, tenderi keçirən “MİDA” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan “MİDA”nın direktoru Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzlidir.
Tenderin qalibi olan “Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan “Ricon” MMC 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur.
Onu da qeyd edək ki, abadlıq və yaşıllaşdırılması nəzərdə tutulan 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində tikilən hündürmərtəbəli binaların bir-birinə yaxın və nizamsız şəkildə inşa olunması sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.