Məsul qurumların “unutduğu” ərazinin sakinləri… – divarı çatlamış evlərdə yağış suları ilə “yaşayır”
Bakı gözəl şəhərdir, əslində. Di gəl, yağış Bakımıza yaraşmır. Yağış yağan kimi yollarımızda, küçələrimizdə, məhəllələrimizdə, qəsəbə və kəndlərimizdə gölməçələr yaranır. Sakinlərin qayığa ehtiyacı olur ki, yolları keçə bilsinlər. Bəzi qəsəbələrdə kanalizasiya sistemləri olmadığı üçün yağış suları birbaşa evlərin zirzəmilərinə dolur.
Bu gün Bakı şəhərinin Suraxanı rayonu Zığ qəsəbəsi Hövsan yolu istiqamətində yerləşən fərdi evlərin sakinləri Bizimyol.info xəbər portalına müraciətdə bildiriblər ki, yağış bərəkət olsa da, onları yağışın yağması heç sevindirmir. Çünki yağış yağan kimi, çala-çuxur yollara su dolur və keçmək mümkün olmur. Bununla yanaşı, yağış suları zirzəmilərə dolur. Bu da ərazi sakinlərinə böyük sıxıntılar yaşadır. Hətta vəziyyət elədir ki, bəzi evlərin divarlarında çatlar yaranıb.
Sakinlər hara və kimə şikayət edəcəklərini bilmirlər. Bircə bildikləri odur ki, yağış yağanda onsuz da çətin olan həyatları bir qədər də çətinləşir.
Sakinlər bildirib ki, ərazidə kanalizasiya sistemi olmadığı üçün həər kəs qapısında şanbo qazıb və tullantı suları bu şanbolara axıdır.
Bu ərazidə yaşayanlar düşünürlər və hətta əmin olublar ki, onların acınacaqlı vəziyyəti məsul qurumları heç maraqlandırmır.
Bizimyol.info ərazidən çəkilən video görüntüləri təqdim edir: