Cəmiyyət Sosial

Kənd təsərrüfatında MƏMUR MONOPOLİYASI… – “Belə getsə, kəndli yazda əkinçi, qışda dilənçi olacaq”

“Kənd təsərrüfatının inkişafı üçün dəyər zənciri olmalı, proseslər A-dan Z-yə bir-birini dəstəkləməlidir”.

Bu fikirləri kənd təsərrüfatı sahəsində olan mövcud problemlər və çatışmazlıqlar barədə danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Şahin Nəcəf Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatında olan problemlər kifayət qədər çoxdur:

“Meliorasiya-sulama sistemləri ilə bağlı olan ciddi problemlər hələ də qalmaqdadır. Bildiyimiz kimi, Cənubi Qafqazda ən az şirin su ehtiyatına malik ölkə Azərbaycandır. Cənubi Qafqazda şirin su ehtiyatlarının 67 faizi Gürcüstanın, 29 faizi Ermənistanın, 11 faizi isə Azərbaycanın payına düşür.
Buna baxmayaraq, hökumət hər il əkin sahələrinin dövriyyəsini artırır və həvəslə hesabat verilir ki, 150-160 min hektar örüş sahəsi əkin sahəsinə qaytarılıb. Kiçik təsərrüfatlar özlərinin bir-iki yerini sulamağa çətinlik çəkdiyi, Azərbaycanda şirin su ehtiyatlarnın bu qədər qıt olduğu halda, əkin sahələri dövriyyəyə qaytarılır. Lakin heç kim demir ki, 150 min hektarlıq sahə hansı mənbədən sulanacaq. Bunların hamısı kiçik fermer təsərrüfatlarının məhvi hesabına əmələ gələn porblemdir və hesabatlılıq, demək olar ki, yoxdur.

Mən dəfələrlə təklif etmişəm ki, ən azı bu məsələdə növbəli əkinə keçmək olar. Fermer 20 hektar taxıl əkib su olmadığına görə 10 ton taxıl əldə etməkdənsə, 10 hektar əkərək 50 ton taxıl yığsın. Geridə qalan növbəli əkin olan yerə də subsidiya verilsin. Bu gün subsidiyaların verilməsinə ciddi nəzarət var. Aldığın sahənin 10 sotu belə əkilmədikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cəza tətbiq edilir.

Bu gün Kənd Təsərrüfatı Nazirliyindən çox şey gözləmək də olmur. Çünki kənd təsərrüfatı naziri portfelsiz nazirdir. Onun heç bir səlahiyyəti yoxdur. Bu gün onun yeganə məşğul olduğu sahə subsidiyaların verilməsidir. Əhalinin 40 faizi aqrar sahədə çalışsa da, nazirin səlahiyyəti məhduddur. Mən meliorasiyanı Kənd Təsərrüfatı Nazirliyinə billəşdirilməsinin tərəfdarı idim.

Kənd təsərrüfatının inkişafı üçün dəyər zənciri olmalı, proseslər A-dan Z-yə bir-birini dəstəkləməlidir. Bu gün tonlarla soğan fermerin əlində qalaraq çöplüyə atılır. Milyonlarla ziyan olundu. Çünki Belarusdan soğanın buraxılması yerli fermerin ziyan etməsi ilə nəticələndi. İstixanalarda xiyar yetişdirən fermer İrandan məhsulun buraxılması nəticəsində ziyana düşür. Məsələn, Azərbaycanda Şəmkir pomidorunun 1 kiloqramının maya dəyəri 1 manat 40 qəpiyə əmələ gəlirsə, iranınkı isə 52 qəpiyə əmələ gəlir. Fermerlər azca pul qazanan kimi belə halların baş verməsi onların, belə deyək, “belini qırır”.

Bu gün ən böyük çatışmazlıqlardan biri min hektarlarla meyvə bağı salınsa da, konserv, meyvə qurutma zavodlarının az olmasıdır. Bunlar düzgün hesablanmalıdır. Şəmkir kimi aqrar sahədə böyük sərmayələr qoyulan bir rayonda bir konserv zavodu belə yoxdur. Birinci dərəcəli mallar bazarlara göndərilsə də, ikinci dərəcəli malların taleyinin necə olduğu bilinmir, yəni zavod yoxdursa, deməli, bunlar çoplüyə atılır.

Ümumiyyətlə, kənd təsərrüfatı sahəsində olan problemlər danışdıqca bitməyəcək qədər çoxdur. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin statistikalarına baxsaq, çoxlu sayda məhsulun yığılmasını göstərildiyini görərik. Lakin 42 faiz aqrar sahə ilə məşğul olan kiçik təsərrüfatların payının nə qədər olduğunu soruşsaq, bir-iki faiz olduğunu görərik. Kənd təsərrüfatının inkişafından danışdıqda onu iki hissəyə bölməliyik: bəzi məmurlara məxsus olanlar və kiçik təsərrüfatlar. Kiçik təsərrüfatlar doğru şəkildə dəstəklənmədikcə kəndlərimiz boşalacaq, kəndli yazda əkinçi, qışda dilənçi olacaq”.

Yenicag.az

Paylaş: