Cəmiyyət

Bakıda məşhur tikinti şirkətinin bina inşası zamanı ağacları məhv etdiyi aşkarlanıb – TƏFƏRRÜAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyi çoxmərtəbəli binaların inşası ilə məşğul olan “ELİPS-R LTD” şirkəti tərəfindən ağacların məhv edildiyini aşkarlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, nazirlik buna görə də tikinti şirkətinə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və Anar İbadzadə iş üzrə hakim təyin edilib.

Əgər hakim iddianı təmin edərsə, “ELİPS-R LTD” inşaat şirkəti 35 000 manat məbləğində cərimələnəcək.

Şirkətin barəsində cərimə protokolu tərtib olunan maddədə deyilir ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Qeyd edək ki, “ELİPS-R LTD” inşaat şirkəti 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Cəfərova Bikəxanım Əyyub qızı göstərilsə də, mətbuatda onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşova məxsus olması barədə iddialar yayılıb.

Paylaş: