Siyasət

Azərbaycan BRICS-ə yalnız bu halda qoşula bilər…

“Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahir Qasımov “Azərbaycan xarici siyasətində BRICS-in yeri” mövzusunda çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan xarici dünya ilə münasibətlərini ərazi bütövlüyünə hörmət, ümumiyyətlə qarşılıqlı hörmət prinsipləri əsasında qurur:

“Azərbaycan qlobal təhlükəsizliyə və sülhə öz töhfəsini verib. Xarici siyasətimizin humanitar ölçüsünə baxdıqda isə son bir-iki ildə keçirilmiş tədbirlər böyük əhəmiyyət kəsb edib. Biz 30-dan çox ölkəyə 330 milyon dəyərində humanitar yardım göstərmişik. Bu gün iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirak edirik”.

XİN nümayəndəsi bildirib ki, Azərbaycan BRICS-in fəaliyyətini yaxından izləyir.

Bəs Azərbaycan BRICS-ə üzv ola bilərmi? Bunun ölkəmizə faydası olacaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, BRICS-ə Azərbaycanın da üzv olması mümkündür:

“Biz yalnız beynəlxalq mülki, iqtisadi, maliyyə qurumları ilə iş görə, onlara üzv ola bilərik. Biz heç bir  hərbi təşkilatın üzvü deyilik. Niyə də BRİCS-ə üzv olmayaq? BRİCS bu gün deyərdim ki, inkişaf etməkdə olan maliyyə qurumudur. Hətta quruma üzv ölkələrin ortaq valyutasının yaranmasından da söhbət gedir. Sadəcə olaraq Azərbaycan milli maraqlarına, beynəlxalq mövqeyinə nə maraqlı oldu, o addımı da atacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, Azərbaycanın iqtisadi münasibətləri kifayət qədər Qərblə bağlıdır:

“İstər neft-qaz layihələri, istərsə də idxal-ixrac əməliyyatları kifayət qədər Qərb şirkətləri, o cümlədən qardaş Türkiyəylə bağlıdır. BRICS-də Azərbaycana maraqlı sahə yoxdur. Yəni bizim BRICS üzvü ölkələrinə ixrac edə biləcəyimiz məhsul yoxdur. Bizim istehsal etdiyimiz məhsulların bazarı məlumdur. İdxala gəldikdə, Rusiyadan, Çindən Azərbaycana kifayət qədər idxal olur. İdxalda bu iki ölkə Türkiyə ilə birlikdə ilk üçlükdə yer alır. BRICS-ə üzv olmaq üçün iqtisadi bir səbəb yoxdur”.

Ekspert vurğulayıb ki, BRICS-ə yalnız Türkiyə ilə birlikdə qoşulmaq olar:

“Gələcəkdə qardaş Türkiyə BRICS-ə üzv olmaq istəsə, onunla birlikdə birlikdə təmsil olunmaq mümkündür. Amma ayrı-ayrılıqda, Türkiyəsiz üzv olmaq Azərbaycana ciddi heç bir dvident gətirməyəcək”.

BRICS – beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Qrupun üzvləri aşağıdakı ölkələrdir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası.

Paylaş: