Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı qeyd olunmuş ərazidə improvizə olunmuş partlayıcı qurğular, partlayıcı maddələr, elektrik və qeyri elektrik detonatorlarından ibarət güclü partlayış törətmək üçün hazırlanmış xeyli sayda partlayıcı yüklər, habelə Ermənistan istehsalı olan D1 markalı əl qumbaralarından istifadə edilərək quraşdırılmış improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb.
Aşkar edilən partlayıcı maddələr ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinir. Bu məqsədlə, ANAMA vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırıb.