“COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda konfrans keçirilib
Fövqəladə Hallar Nazirliyi (FHN) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda konfrans keçirib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, konfrans Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində keçirilib.
Konfransda Bakı şəhəri ali məktəblərinin tələbə elmi cəmiyyətlərinin fəalları, iş istiqamətləri həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan ali məktəblərin kafedra və fakültələrinin müəllim, professor heyəti, aspirant və tələbələr iştirak ediblər.
Elmi konfransı giriş sözü ilə açan ATU-nun rektoru, professor Vilayət Vəliyev konfransın əhəmiyyətini vurğulayıb. Professor, öz növbəsində, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu il ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd edib və konfransın işinə uğurlar arzulayıb.
Həmçinin, konfransda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə videoçarx nümayiş olunub, konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.