Dünən – aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov rayonların birindən gəlirmiş və bu zaman Səbail rayonunda yerləşən BŞBGİ-nə də baş çəkmək barədə qəfil qərar verib. Amma əsl həngamə bundan sonra başlayıb. Komitə sədri təxminən 5 dəqiqə “şlaqbaum”da gözləməli olub, postda adam olmadığına görə “şlaqbaum”u açan olmayıb. Bundan sonra sədrin sürücüsü maşından düşməyə məcbur olub və daha sonra sədrin həyətə daxil olması mümkün olub.
Bu barədə Azsiyaset.az-a saytına daxil olan məlumatlarda bildirilir.
Qeyd olunur ki, Ş.Bağırovun bir neçə dəqiqə İdarəyə daxil ola bilməməsi ciddi gərginlik yaradıb. Növbəçi hissənin rəisi yerində olmayıb. Hətta gömrük işçilərinin əksəriyyəti sədri tanımayıb:
“İlk olaraq, Şahin Bağırov birinci mərtəbədə maliyyə şöbəsinə daxil olub, maliyyə inspektorlarına suallar ünvanlayıb, amma ona cavab verə bilməyiblər. Daha sonra İdarənin rəisi Elmir Ramazanova Komitə sədrinin orada olduğunu deyiblər. Ş.Bağırov Elmir Ramazanovu danlayıb, İdarədəki özbaşınalıqları sərt tənqid edib, insanların narazı qaldığını, incildiyini bildirib və bundan sonra əsəbi şəkildə çıxıb gedib”.
Sədr gedəndən sonra BŞBGİ-nin rəisi Elmir Ramazov əl-ayağa düşüb və insanlara yaxınlaşaraq problemlərinin olub-olmadığını soruşub.
Redaksiya bildirir ki, bu faktın özü BŞGİ-də özbaşınalıqların, qanunsuzluqların hökm sürdüyünün göstəricisidir.
Əldə olunan məlumata görə, BŞBGİ-nin növbəi hissənin rəisi işdən çıxarılıb və yerinə yeni rəis təyin edilib. Yəni, E.Ramazanovun səriştəsizliyinə və idarədəki özbaşınalıqlara görə yalnız növbəçi hissə rəisi cəzalandırılaraq işdən çıxarılıb.
Azsiyaset.az