Bu ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artaraq 472,3 min nəfər olub.
“Cebhe.info” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, vətəndaşlarının 38,3 %-i Türkiyəyə, 20,8 %-i Rusiyaya, 9,4 %-i Gürcüstana, 8,6 %-i İrana, 22,9 %-i digər ölkələrə səfər edib. Son 1 ildə İrana gedən vətəndaşların sayı 40,6 %, Gürcüstana gedənlərin sayı 29 %, Türkiyəyə gedənlərin sayı 28,1 %, Rusiyaya gedənlərin sayı 20,1 % artıb. Gedənlərin 67,2 %-ni kişilər, 32,8 %-ni qadınlar təşkil edib. Vətəndaşların 67,4 %-i hava, 30,3 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Daxili turizmlə bağlı isə vəziyyət ürəkaçan deyil.
İqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya bildirib ki, Azərbaycanda turizm və xidmət sektoru iflas edəcək vəziyyətdədir:
“Son illər ölkəmizdə turizm sektorunda kifayət qədər çox nöqsanlar var. Belə ki, bölgələrdə istirahətə gedən vətəndaşlar fantastik qiymətlərlə rastlaşırlar. Qiymətlər kifayət qədər baha olduğundan vətəndaşların xarıcə üz tutması normaldır. Üstəlik bölgələrdə xidmət göstərən personalların qeyri- peşakar rəftarları, bir zamanlar ərəblər üçün təyin edilmiş qiymətlərin sadə Azərbaycan vətəndaşı üçün də keçərli olması xaricdə istirahət etməyə marağı daha da artırır”.
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ölkəyə gələn turistlərin 90 % -i Bakıya istirahətə gəlir:
“Bu il gələn turistlərin əksəriyyəti Bakıya gəlib. Bakı daxili turizm üçün o qədər də yararlı deyil. Daxili turizmin inkişaf etməsi üçün Bakıdan rayonlara gedənlərin sayında artım olmalıdır ki, turizmə müsbət töhfə verə bilsin”.
Ekspertin fikrincə, Qəbələdə və digər istirahət zonalarında turizm axını ləngiyə bilər:
“Buna səbəb kimi otellərdə qiymətlərin yüksək olmasını da göstərə bilərik. Çünki ölkəmizdə, əsasən də regionlarda beşulduzlu otellərdə həddindən artıq bahalıqdır. Çünki tələb var, təklif azdır. Yəni otel sayı ölkəmizdə kifayət qədər azdır”.