Cəmiyyət

Dövlətin etibarını “əyənlər” – “Qobu Park”a görə kimlər qandallanacaq?

Hüquqşünas deyir ki, tikintini icra edənlərlə yanaşı nəzarət edən orqanlar da binaların əyilməsinə görə məsuliyyət daşıyırlar

Bakının Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksi Birinci Qarabağ müharibəsi zamanı evlərini itirmiş məcburi köçkünlər üçün inşa edilib. Şəhərcik üç hissədən ibarətdir – “Qobu Park”, “Qobu Park-1”, “Qobu Park-2”. Müvafiq olaraq 2018, 2019 və 2020-ci illərdə istifadəyə verilib. Hazırda yaşayış kompleksində əsasən Laçın, Ağdam və Cəbrayıl rayonlarından ümumilikdə 3600-dən çox ailə məskunlaşıb.

“Qobu Park” yaşayış kompleksinin sakinləri iki ilə yaxındır ki, binaların qəzalı vəziyyətdə olduğunu deyirlər. Yaşayış kompleksi istismara təhvil veriləndən az sonra sakinlər yaranan ciddi problemlərdən şikayətlənməyə başlayıblar. Əvvəlcə kanalizasiya sistemi və su xətləri sıradan çıxıb. Sakinlərin sözlərinə görə, su və kanalizasiya borularından axan su və çirkab həyətləri basmaqla yanaşı, həm də binaların zirzəmilərinə dolub. Bildirir ki, problemlərin yaranması binaların çox qısa müddətdə tələsik inşa edilib, istismara verilməsi ilə bağlı ola bilər. Halbuki çoxmənzilli binaların tikintisi təxminən iki il davam edir, eyni zamanda binanın oturması yerin səthindən asılıdır. Əgər bina əyilirsə, deməli, konstruksiyası düzgün qurulmayıb. Mümkündür ki, binalar tikilməzdən əvvəl torpağın tərkibinin öyrənilməsində səhvlər buraxılıb. Nəticədə, buradan keçən qrunt suları binaların təməlini yuyub. Bundan başqa, yer səthində baş verən dalğalanmalar nəticəsində süxurun strukturunun dəyişməsi mümkündür. Bu, insan amili ilə də bağlı ola bilər.

Azərbaycanda dövlət qurumlarının xətti ilə aparılan tikinti işlərinin həyata keçirilməsi üçün agentliyin və ya komitənin yaradılması təklif olunur. Bu təkliflə Milli Məclisin son iclasında Razi Nurullayev çıxış edib. “Hazırda müxtəlif nazirliklərin, komitələrin demək olar ki, əksər dövlət qurumlarının tərkibində tikinti şöbələri var. Bilmirəm bu, sovetlərdən qalma ənənədir və ya sonradan formalaşıb. Dövlət qurumları öz vəzifələrini unudub tikinti yarışına girib. Təklif edirəm ki, aidiyyətsiz dövlət qurumlarındakı tikinti şöbələri ləğv edilsin, onların yerinə ayrıca agentlik və ya komitə yaradılsın ki, onlar tikinti ilə məşğul olsun”, – deputat vurğulayıb.

Dövlətin etibarını “əyənlər” – “Qobu Park”a görə kimlər tutulmalı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, 2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarını (AzDTN) təsdiq edilib. Onun sözlərinə görə, AzDTN müvafiq qaydada verilmiş tikintiyə icazə əsasında yeni bina və qurğuların (tikinti obyektləri) inşasına, mövcud tikinti obyektlərinin yenidən qurulmasına və sökülməsinə, eləcə də ərazilərin abadlaşdırılmasına və mühəndis hazırlığına şamil olunur: “Elektrikötürücü xətlər, rabitə xətləri, boru kəmərləri və digər texniki infrastruktur obyektləri, o cümlədən dəmiryolu zolağında, avtomobil yolları və digər nəqliyyat yolları üçün ayrılmış zolaqlarda bu növ obyektlər inşa edilərkən əlavə olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmalıdır. AzDTN tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinə, həmçinin inşaat sənayesi və inşaat materiallarının sənayesi müəssisələrində materialların, məmulat və konstruksiyaların istehsalına şamil edilmir. Tikinti obyektlərinin inşası yalnız Azərbaycanın şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq verilmiş tikintiyə icazə əsasında aparılır. Bu halda tikintiyə icazə verən, nəzarət etməli orqanlar da məsuliyyət daşıyırlar”.

Natiq Ələsgərov deyib ki, sifarişçi ilə podratçı arasında müqavilə bağlanır: “Podratçı tikintini bilavasitə aparan şəxsdir. O, işlərinin layihəyə uyğun olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə həyata keçirilməsini təmin etməlidir. Tikinti başa çatdıqdan sonra tikinti obyektinin qüvvədə olan qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və layihəyə uyğunluğu yoxlanılır, o cümlədən tikintisi başa çatmış tikinti obyektinin istismarına icazə alınır. Araşdırılmalıdr ki, “Qobu Park”a görə belə icazə verilibmi? Verilibsə, AzDTN-ə uyğunluq məsələləri aydınlaşdırılıbmı?

AzDTN-ə görə tikinti fəaliyyətinin subyektləri, yəni podratçı (baş podratçı), sifarişçi, layihəçi tikinti-quraşdırma işlərinin, tikinti obyektinin konstruksiyalarının, mühəndis-texniki təminat sistemlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğunu qiymətləndirmək məqsədilə Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tikintiyə nəzarəti həyata keçirməlidir. Əgər keçiriblərsə, bu halda binalarda yaşayan sakinlərin qeyd etdikləri çatışmazlıqlar olmamalı idi. Bu halda tikintini icra edənlərlə yanaşı nəzarət edən orqanlar da baş verənlərə görə məsuliyyət daşıyırlar”.

Paylaş: