Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq və heyvan satışı bazarlarında aparılan monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla bağlı bazar rəhbərlərinə xəbərdarlıq edib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, yalnız keçən il ölkədə fəaliyyət göstərən bazarların daxilində yerləşən ət satışı obyektlərini qiymətləndirmək üçün Agentlik tərəfindən monitorinq həyata keçirilən 63 bazarda 400 nöqsan aşkar olunub. Həmçinin 68 bazarda aparılan yoxlamalar zamanı uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar olaraq, müvafiq tədbirlər görülüb.
Bu ilin ötən dövründə isə ümumilikdə 17 bazarda yoxlama aparılıb. Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar bazarlardan 4-də işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, 8-də iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, 6-da məhsul satışının dayandırılması, 1-də məhsul satışının qadağan olunması, 1-də isə məhsul istehsalının (quş kəsimi) dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib.
Eyni zamanda 17 sahibkarlıq subyekti barəsində AQTA tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb və bazar rəhbərlərinə aşkarlanmış nöqsanların müəyyən edilən müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yoxlamalar çərçivəsində 1 bazarda saxta spirtli içkilər aşkar olunaraq toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Monitorinq və yoxlamaların aparılması ilə yanaşı, ötən müddətdə Agentlikdə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib və “Qida təhlükəsizliyi haqqında” qanunundan irəli gələn tələblər onların diqqətinə çatdırılıb. Eləcə də bazar rəhbərlərinə mövcud tələblər barədə məktubla məlumat verilib, habelə fəaliyyətlərinin həmin tələblərə uyğunlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi və nəticəsi barədə AQTA-ya məlumat verilməsi istənilib. Buna baxmayaraq, bəzi bazarlarda qida təhlükəsizliyi tələblərinə hələ də əməl olunmur.
Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, qida obyekti (subyekti) qeydiyyata alınmalı və Qida Təhlükəsizliyi Reyestrinə daxil edilməli, bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş məhsullar satılmamalıdır. İstifadəyə yararsız və təhlükəli qida məhsullarının zərərsizləşdirilərək məhv edilməsi üçün bazarlarda util peçi təşkil edilməlidir. Həmçinin qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməli və digər tələblər yerinə yetirilməlidir.
Agentlik bəyan edir ki, qida təhlükəsizliyi tələblərinə riayət etməyən sahibkarlar barəsində ən sərt tədbirlər görüləcək.