İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2023-cü ili 12,503 milyon manat xalis mənfəətlə başa vurub.
“Zirvə yolu” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,4 % azdır.
Ötən il SİF-in əsas əməliyyat (faiz) gəlirləri 20,341 milyon manat (əvvəlki ilə nisbətən 52,8 % çox), digər (qeyri-faiz) əməliyyat gəlirləri 0,438 milyon manat (2,4 dəfə az), ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirləri 1,771 milyon manat (5,1 dəfə az), əməliyyat xərcləri 7,442 milyon manat (11,5 % çox), mənfəət vergisi ödəmələri isə 2,605 milyon manat (2,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə SİF-in aktivləri 1 011,496 milyon manat olub ki, bu da illik müqayisədə 6,3 % çoxdur. Bunun 680,693 milyon manatı kredit təşkilatlarına verilmiş borclardır. Ötən il Fondun kredit portfeli 2,7 % kiçilib.
Hesabat dövründə SİF-in öhdəlikləri 41,9 dəfə artaraq 837 min manata, o cümlədən dövlət subsidiyaları üzrə 825 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 6,2 % artaraq 1 010,659 milyon manata çatıb.
Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.