Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb, oradan 172 nəfərə məxsus meyit qalıqları tapılıb
İtkin düşmüş şəxslərin qalıqlarının yerinin müəyyən edilməsi üçün bir neçə istiqamətdə iş aparılır.
“Zirvə yolu”nun xəbərinə görə, bu barədə Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın müxtəlif yerlərində dəfn edilmiş naməlum şəhid məzarlarından genetik nümunələrin götürülməsi və eyniləşdirməsi nəticəsində şəxsiyyətlərin müəyyənləşdirilməsi həyata keçirilib:
“Digər istiqamət isə şahid ifadələri əsasında cinayət işinin materiallarında olan məlumatların yoxlanılmasıdır. Bu halda şahidlərin ifadələri əsasında meyitlərin badırıldığı ehtimal edilən yer müəyyən edilməklə əraziyə baxış keçirilir və insan qalıqları aşkar edildiyi halda məhkəmə-tibbi kriminalistik və məhkəmə-genetik ekspertizaları təyin edilməklə şəxsiyyətləri dəqiqləşdirilir. Buna misal olaraq Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində 12 nəfərə məxsus insan qalıqlarının aşkar edilməsini göstərə bilərik”.
O.Rzayev bildirib ki, başqa bir istiqamət işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri zamanı insan qalıqlarının aşkar edilməsidir:
“Hazırda azad edilmiş ərazilərdə surətli və keyfiyyətli şəkildə bərpa quruculuq işləri davam etdirilir və yolların, kommunikasiya xətlərinin çəkilməsi zamanı qazıntı işləri aparılır. Bu zaman isə insan qalıqları aşkar edilir və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarından ibarət qrup hadisə yerinə ezam olunmaqla işlərin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edirlər. Buna misal olaraq Xocalı rayonu ərazisində 2024-cü ilin fevral, mart və aprel aylarında kütləvi məzarlıqların aşkar edilməsini misal göstərmək olar”.
Şöbə rəisi vurğulayıb ki, daha bir istiqamət Azərbaycanın əməliyyat orqanlarının əldə etdiyi məlumatlar əsasında kütləvi məzarlıqların yerinin müəyyən edilməsidir:
“Əməliyyat orqanları tərəfindən təqdim edilmiş məlumatlar əsasında koordinatlar müəyyənləşdirilməklə əraziyə baxış keçirilir”.