Sumqayıt şəhər sakini Aytəkin Bayramova övladının təhsil aldığı Həzi Aslanov adına Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə bullinqə məruz qaldığını iddia edir.
Yeniavaz.com-a müraciət edən A. Bayramova iddia edir ki, məktəbin müəllimləri – sinif rəhbəri S. S. və tarix müəllimi N. K. VIII sinifdə təhsil alan qızını təhqir edir, məktəbdən çıxması üçün ona təzyiq göstərirlər.
Onun sözlərinə görə, övladı sözügedən şəxslər və onların məktəbdə övladına qarşı yaratdığı mühit nəticəsində özünü öldürmə həddinə çatdırılıb. A. Bayramova deyir ki, bununla bağlı məktəb rəhbərliyinə müraciət etsə də, məhəl qoyan olmayıb.
Valideyn övladının həyatının təhlükədə olduğunu, təcili tədbir görülməyəcəyi təqdirdə canına qəsd edəcəyini deyir. Bildirir ki, övladı tez-tez “Özümü IV mərtəbədən atacağam”, deyir. A. Bayramovanın iddiasına görə, bunu eşidən müəllimlər isə tədbir görmək əvəzinə, onu ələ salırlar.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, valideynin şikayəti əsasında mayın 7-də İdarənin əməkdaşları tərəfindən sözügedən məktəbdə araşdırma aparılıb:
“Araşdırma zamanı sinif rəhbərinin və tarix müəlliminin şagirdi təhqir etməsi faktı öz təsdiqini tapmayıb. Belə ki, araşdırma aparılan gün L. M. (şərtidir) dərsdə iştirak etmirdi. Valideyn Aytəkin Bayramovanın da iştirakı ilə adıçəkilən müəllimlərin şagirdi təhqir etməsi iddiası il bağlı L.M.-nin sinif yoldaşlarının fikirləri öyrənilib. Şifahi sorğu aparılan zaman şagirdlərin tam sərbəst olması üçün obyektiv şərait yaradılıb. Şagirdlərlə söhbət zamanı müəllimlərin L.M.-ni təhqir etmədiyi məlum olub. Şagirdlərlə söhbət zamanı onların əksəriyyəti L.M.-yə qarşı müsbət münasibət bəslədiklərini, lakin tez-tez valideyni Aytəkin Bayramova tərəfindən müxtəlif təzyiqlərə məruz qaldıqlarından, onunla münasibət qurmaqdan ehtiyat etdiklərini bildiriblər”.
İdarədən bildirilib ki, həmçinin vətəndaşın müraciətində qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərliyi, psixoloq, şagirdin sinif rəhbəri və məktəbin tarix müəlliminin iştirakı ilə görüş keçirilib, valideyn və müəllimlər arasında mövcud konflikt və ziddiyyətlərə dair müzakirə aparılıb:
“Məlum olub ki, məktəbin tarix müəllimi valideynin tez-tez onun işgüzar nüfuzuna xələl gətirəcək şikayətlər etməsi və sonuncu telefon əlaqəsi zamanı vətəndaş Aytəkin Bayramovanın onu təhqir etməsi ilə əlaqədar onu məhkəməyə verəcəyini bildirib. Buna görə də müəllim və valideyn arasında ola mövcud konflikt böyüyərək münaqişəyə çevrilib”.
Qeyd olunub ki, valideyn də öz növbəsində tarix müəllimindən şikayət edib.
“Vətəndaş Aytəkin Bayramova ilə söhbət zamanı, onun öz azyaşlı övladını intihara sövq edəcək ifadələr səsləndirməsi, məktəbin hündür mərtəbəsindən özünü atmasını təlqin etməsi müşahidə olunub”, – İdarədən bildirilib.(Yeniavaz.com)