ABŞ və İsrail rəsmiləri Rəfahda hərbi əməliyyata alternativləri müzakirə ediblər.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Məsləhətləşmələrdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi iştirak edib.
Onlar telefon danışığında Qəzza zolağındakı vəziyyətə və Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi istiqamətində davam edən səylərə toxunublar.
Sallivan ABŞ prezidenti Co Baydenin bir milyondan çox insanın sığındığı Rəfahda böyük quru hərbi əməliyyatının mümkünlüyü ilə bağlı narahatlığını davam etdirdiyini qeyd edib. O, Qəzzada HƏMAS-ın məğlubiyyətini təmin etmək üçün alternativ fəaliyyət kurslarını müzakirə edib.
Haneqbi İsrailin ABŞ-ın mülahizələrini nəzərə aldığını təsdiqləyib. C.Sallivan ABŞ-ın İsrailin təhlükəsizliyinə və Qəzza zolağında HƏMAS-ın məğlubiyyətinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib. Onlar tezliklə üzbəüz görüş təşkil etmək barədə razılığa gəliblər.