Cəmiyyət

Bakı Təşəbbüs Qrupu Fransanın Yeni Kaledoniyada mülki şəxslərə qarşı zorakılığı ilə bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada Kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ilə əlaqədar ciddi narahatlığını bildirir. Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlar bizdə dərin narahatçılıq doğurur.

İctimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin qalıcı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da, öz növbəsində, haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub.

Təəssüf ki, Yeni Kaledoniyada təklif edilən konstitusiya dəyişiklikləri ilə əlaqədar paytaxt Noumea şəhərində və ətraf ərazilərdə keçirilən ümumi etirazlardan sonra Fransa təhlükəsizlik qüvvələri səfərbər edilib, komendant saatı tətbiq olunub. Toqquşmalar nəticəsində 82 mülki şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Kanak xalqının rəyi nəzərə alınmadan Konstitusiyaya təklif edilən son dəyişikliklər, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıq və həbslər bir çox qanunların, o cümlədən insan hüquqlarının, ifadə azadlığının, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması ilə müşayiət olunub.

Bakı Təşəbbüs Qrupu olaraq paytaxt Noumea şəhərində və ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələr bizi dərindən narahat edir. Hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid edir.

Biz Kanaklı dostlarımız ilə həmrəyik və onların ədalətli mübarizəsini daima yanlarında durmuşuq. Fransa hökumətindən Kanak xalqının qərarını nəzərə alınmasını tələb edirik. Bakı Təşəbbüs Qrupu olaraq dinc dialoqun, insan hüquqlarına hörmət və əsas problemlərin ədalətli həllinin tərəfdarıyıq. Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı və layiqli gələcək istəyənləri dəstəkləyirik”.

Paylaş: