G7 ölkələrinin sammitində Azərbaycanın COP29-a hazırlıqla bağlı gördüyü işlərdən danışılıb
İtaliyada keçirilən G7 ölkələrinin vətəndaş cəmiyyəti sammitində “İnsan hərəkətliliyi və iqlim dəyişikliyi” adlı panel sessiyada COP29-un yüksək səviyyədə təşkili və bütün maraqlı tərəflər arasında konsensusun əldə edilməsi üçün Azərbaycanın gördüyü işlərdən danışılıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva məlumat verib.
O sessiyada çıxışı zamanı, həmçinin qlobal iqlim dəyişikliklərinə diqqət çəkərək kiçik ada dövlətlərinin yox olmaq təhlükəsi ilə üzləşməsinin həyəcan təbili üçün əsas olduğunu bildirib. Eyni zamanda iqlim dəyişikliyi səbəbiylə məcburi miqrasiya edən insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyini vurğulayıb:
“Miqrasiya, əhali hərəkəti və iqlim dəyişikliyi ilə bağlı məsələlərdə maraqlı tərəflər öz səylərini birləşdirməli, iqlim dəyişikliyinin səbəb olduğu miqrasiyanın aradan qaldırılmasında beynəlxalq əməkdaşlıq gücləndirilməlidir”.
Pərvanə Vəliyeva qeyd edib ki, miqrantların yerdəyişməsi ilə bağlı onların səhiyyə xidmətlərinə əlçatanlığı da təmin edilməlidir:
“Təəssüflər olsun ki, əksər inkişaf etmiş ölkələrdə miqrantlar üçün tibbi sığorta təminatı hələ də yoxdur. Bu miqrantlara qarşı açıq diskriminasiyanın bariz nümunəsidir və iqlimlə əlaqəli yerdəyişmə edən insanlar üçün əlavə çətinlik yaradır”.