Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibov, Ayaz İsmayılov və Amil Tanrıverdiyin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.”Zirvə yolu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, xatirələrinə dualar oxunub.Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıblar.Sonra şəhidlərimizin ömür və döyüş yoluna həsr olunan videoçarxlar nümayiş olunub.Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.Tədbirlərdə, həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb, hərbi təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər paylanılıb.