Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
Zirveyolu.info AZƏRTACA-a istinadən xəbər verir ki, Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev aksiya barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 83 şəhər və rayonda 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur. Ağacların hamısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatlarında yetişdirilib. Aksiya ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi ərazilərin elektron xəritəsi hazırlanıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən ərazilərdə müvafiq hazırlıq işləri görülüb. Əkiləcək ağacların becərilməsində damcılı suvarma sistemindən və suvarma kanallarından istifadə olunacaq.
Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə xüsusi önəm verən, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması sahəsində böyük addımlar atan Heydər Əliyev Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində dahi şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu Şamaxı rayonundakı Şahxəndan qəbiristanlığındakı türbənin ətrafında aparılan geniş abadlaşdırma işləri zamanı böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq torpaq başqa əraziyə daşınıb, abidədə olduğu kimi səkkizguşəli döşəmə salınıb, türbəni ziyarət edənlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Türbənin ətrafında təmizlik və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.