SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlərə xəbərdarlıq edib.
Birlikdən Unikal.org-a verilən məlumata görə, son günlər Bakının müxtəlif ünvanlarında özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının batareyasının dəyişdirilməsi və ya smart kartların “vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.
“Bununla bağlı istehlakçıların nəzərinə çatdırırıq ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən “Azəriqaz”ın əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər. Br daha bildiririk ki, qeyd olunan hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər”.