Son günlərdə Bakı və bölgələrdə onlayn dələduzluq hallarının sayı artıb. Ötən həftə ayrı-ayrı vətəndaşların işə düzəltmək, maşınını satmaq adı ilə minlərlə manatı ələ keçirilib. İşə düzəlmək və maşınını satmaq istəyən vətəndaşlar bank kartlarının 16 rəqəmini tanımadığı adamlara verərək pullarını itiriblər. Nəticədə işə düzəlmək istəyən şəxsin 7480, maşınını satmaq istəyənin isə 5000 manat pulu ələ keçirilib. Bu kimi halların qarşısı necə alına bilər? İnsanlar niyə görə hələ də bu yolla işə düzələcəkləri hesab edirlər ?
Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, kartlarda olan 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir:
“Bizə edilən bütün təklifləri həvəs və arzu ilə yox, məntiqlə, şuurla, ağılla dinləməyə ehtiyac var. İnsanın bəzi hallarda ətrafında tanıdığı insanlara şübhə ilə yanaşıldığı bir zamanda, heç tanımadığımız, üzünü görmədiyimiz, cəmiyyətdə etibar qazanmamış qeyri-müəyyən birinə etibar edilməsi bir qədər təəssüfləndirici bir hadisədir. Etibarlılığı təmin etmək üçün, qanunu müqavilələr, notarius kimi qurumlar fəaliyyət göstərdiyi halda, hansısa bilinməyən şəxsə şəxsi məlumatlarını etibar etmək, şirnikləndirci təklif qarşısında aldanmaq bir qədər sadəlövlükdür. Bütün hüquq-mühafizə orqanlarının əlaqədar şəxsləri, banklar və kibertəhlükəsizlik mühəndisləri daimi maarifləndirmə aparır ki, 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir. 16 rəqəm qarşılıqlı pul köçürmələri üçün kifayətdir. Qalan məlumatlar isə gizlədilməlidir. Eyni zamanda biz yenə də hüquq-mühafizə orqanlarının əlaqədar şəxslərinin açıqlamalarından görürük ki, kiberdələduzluğa uğrayan şəxslər sadəcə 16 rəqəmi verməyib, digər məlumatları da dələduza aldanaraq, ötürüblər”.
Ekspert dələduzların maşın satmaq və iş axtaran şəxsə link göndərərək, kart məlumatlarını o linkə daxil etməli olduqlarınına razı saldıqlarını və bu yolla onları dolandırdıqlarını bildirib:
“Dələduzlar bəzən elan saytlarından götürdükləri nömrələrə yazaraq, onların güvənini qazanmağı bacarırlar. Dələduzlar maşın satmaq və iş axtaran şəxsə link göndərərək, kart məlumatlarını o linkə daxil etməli olduqlarınına razı sala bilirlər. Rüsüm ödəməli olduqlarını vəya maşın satan adama beh verəcəyi ilə aldadır. Həyəcanda olan şəxs qarşı tərəfə inanır və ona göndərilən linkə bütün məlumatları daxil edir. Bununla da kartda olan bütün pullar dələduz tərəfindən çıxarılır. Eyni üsul telefon danışığı ilə də edilə bilər. Dələduz maşın satmaq vəya iş axtaran kimi internetə nömrə qoyan şəxsə zəng edərək, inandırıb, aldatmağa çalışır. Unutmamaq lazımdır ki, sadəcə 16 rəqəm pul köçürməsi üçün kifayətdir. Başqa heç bir məlumatı qarşı tərəfə vermək olmaz. Uzun illərdir fişing(balıq ovu) metodu ilə edilən bu dələduzluq növü qurbansız ötüşmür. Çünkü metodlar hər dəfə təzələnir. Məlumatsız istifadəçi isə, potensial qurbandır. Dələduzluqdan qurtulmanın ən uyğun metodu daimi maariflənmək və maarifləndirməkdir. Gəlin birlikdə diqqətli olaq!”.