“Lift quraşdırmaq üçün 90 min avro və 4 min dollar verdim” – Keçmiş deputat Hacı Salayevin məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Hacı Baba oğlu Salayevin zərərçəkmiş qismində tanındığı məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
“Unikal”ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Hacı Salayev, Bəxtiyar Məmmədov və Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Nəcəfov Tural Rahim oğlu da iştirak edib.
İlk olaraq zərərçəkmiş Hacı Salayev ifadə verərək bildirib ki, 2020-ci ilin ortalarında fərdi ev tikintisi üçün lift avadanlıqları lazım olub:
“Mənə memarlar təklif etdi ki, “Gerlift” MMC şirkəti ilə əməkdaşlıq edim. Tural ilə görüşdüm, Almaniya şirkətinin Bakı nümayəndəliyinin rəsmisi olan bu şəxsə ilk olaraq 40 min avro ödədim. Bu şirkətin etibarlılığını yoxlamaq məqsədi ilə Almaniyada olan nümayəndəsi türk millətindən Əhməd Canpolad ilə əlaqə saxladım. O təsdiq etdi ki, həqiqətən pul bizə köçürülüb. Ancaq şirkət bizə rəsmi olaraq dedi ki, həmin məbləğ bizə ödənilməyib, gedin probleminizi Azərbaycanda həll edin. Turala cəmi 90 min avro, 4 min dollar pul vermişəm. 5 ay ərzində bütün işlər görülməli idi, avadanlıqlar Almaniyadan gəlməli idi. Həmin türk barədə Almaniyada məhkəmə prosesinə hazırlaşıram. Mənim şikayətimdən sonra onu işdən qovdular. Mən hətta Turala təklif etdim ki, sənin qazancın nədisə mən sənə verim, özüm birbaşa Almaniyadakı nümayəndələrlə əlaqə saxlayım. Əhməd isə dedi ki, yox, ancaq Tural ilə əlaqə saxlayın.
Təqsirləndirilən Tural Nəcəfov zərərçəkmişin danışdıqlarının düzgün olduğunu təsdiqləyib.
Məhkəmənin növbəti mərhələsində digər zərərçəkmiş Bəxtiyar Məmmədov ifadə verib. O bildirib ki, şəxsi villası üçün lift sifariş verib, ümumilikdə 17 min dollar Turala pul verib:
“Təxminən 6 min dollar qaytarıb. Azadlığa çıxmağını istəyirəm”.
Şahid Abbas Aslanov ifadə verərək qeyd edib ki, Hacı Salayevlə dostdur: “Pul 3 dəfəyə mənim iştirakımla Turala verilib”.
Məhkəmə prosesi 11 iyun tarixinə kimi təxirə salınıb.