Bu gün Azərbaycanda bəzi dövlət qurumlarının fəaliyyətindən narazılıqlar var. Əsas şikayətlər isə icra hakimiyyətləri, bələdədiyyələr ilə bağlıdır. Çünki çox vaxt vətəndaşın müraciətlərinə baxılmır. Lakin narazılıqların olduğu qurumlar arasında Dövlət Gömrük Komitəsinin adını çəkə bilərik. Gömrük Komitəsi hər zaman şikayətlərin hədəfindədir, etirazlara səbəb olan qurumdur. Bəs bunun səbəbi nə ilə bağlıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Gömrük komitəsi ilə bağlı şikayətlərin olmasının səbəbi sahibkarlara qan uddurulmasıdır:
“Son vaxtlar bununla bağlı yumşalmalar var. Sahibkar xaricdən mal gətirir. Gömrük Komitəsi qiymətləri özbaşına artırır. Sahibkar xaricdən gətirilən malın çekini göstərir. Gömrük Komitəsindən isə deyilir ki, bu qiymətdir. Gömrük Komitəsində özbaşınalıq çoxdur. Sahibkar razı olmayanda onun gətirdiyi malı buraxmırlar. Azərbaycanda Gömrük Komitəsinin digər qurumlardan fərqi ondadır ki, məhkəməyə gedəndə o qurumlar ilə bağlı effektiv qərar əldə etmək olur. Məsələn: Vergidən gəlib, sahibkara artıq vergi yazır. Onu məhkəməyə verəndə problem həll olunur”.
Ekspert bildirib ki, Gömrük Komitəsini isə Azərbaycanda nadir hallarda məhkəməyə verirlər. Çünki bunun bir mənası yoxdur:
“Sahibkar xaricdən mal gətirir, Gömrük Komitəsi isə buraxmır. Bu qurumla illərdir məhkəmə çürüsək axı xaricdən gətirilən mal burada korlanır. Burada sahibkarın biznesi dayanır. Sahibkar burada məcburdur ki, Gömrük Komitəsi ilə dil tapsın. O biri dövlət orqanları ilə belə deyil. Burada bir mexanizm olmalıdır. Sahibkar və Gömrük Komitəsi arasında mübahisə yaranırsa, sahibkar istəyirsə ki, malı ölkəyə daxil olsun, o zaman qurumu məhkəməyə verməlidir. Məhkəməni udacaqsa, Gömrük Komitəsinə heç bir ödəniş etməyəcək. Əgər məhkəmədə uduzacaqsa Gömrük Komitəsinə ödənişi ödəyəcək. Burada əsas odu mal ölkəyə gəlməlidir. İkinci yol isə müxtəlif bir praktika olmalıdır. Sabah sahibkar Gömrük Komitəsini məhkəməyə verərsə və udursa, qurum ona dəyən ziyanı artıqlaması ilə ödəməlidir. Bu mexanizm yoxdur deyə bu qurumdan şikayət edir”.