Cəmiyyət

MƏLEYKƏ ABBASZADƏ KİMƏ “ƏZƏLƏ NÜMAYİŞ ETDİRİR”? – Abituriyentlər DİM-Təhsil Nazirliyi qarşıdurmasının girovuna çevrilib

Dünən Dövlət İmtahan Mərkəzinin(DİM) keçirdiyi Ali Təhsil məktəblərinə qəbul imtahanında abituriyentlərə verilən suallar kütləvi narazılığa səbəb olub. Abituriyentlər və müəllimlər sualların həddindən artıq çətin, bəzilərininsə hətta “anormal dərəcədə” çətin və anlaşılmaz olmasından gileylənirlər.

Bu mənzərə ilk dəfə deyil ki, müşahidə olunur, əvvəlki illərdə də buna rast gəlinib. Lakin mütəxəssislərin də dediyi kimi, bu dəfə “əndazələr lap aşılıb”…

Məsələn, sosial şəbəkədə coğrafiya müəllimlərinin və bu elm üzrə mütəxəssislərin toplaşdığı “Coğrafiya kabineti” adlı qrupdakı narazılıq dolu paylaşımlardan birində deyilir: “Bir sualda beş sual, doğru sıra, doğru uyğunluq, doğru olan, doğru olmayan… Nə idi bu? Nə suallar idi? Coğrafiyanın başına oyun aça-aça gedirlər. Kimə deyək? Nə edək?”

Digər bir mütəxəssis isə yazır: “Bugünkü “əzələ nümayişi” kimə lazım? Bu imtahan millətin övladları üçündür, sənin “əzələ nümayişin” üçün yox. Bunun adı eqodur, ya nədir? Səriştəsizliyin niyə fənnə olan hörmətin azalmasına xidmət etməli idi?”

Bütün bu iradlar sualları hazırlayan quruma – DİM-ə, onun rəhbərliyinə, “bunker müəllimlərinə” şamil edilir. Coğrafiya fənni üzrə müşahidə edilən mənzərə 2-ci və 3-cü qrupa aid imtahandakı digər fənlərə də aiddir. Yuxarıda qeyd edilən kimi, imtahana salınan suallar sanki DİM sədri Məleykə Abbaszadənin kimlərəsə əzələ nümayişidir.

Mart və aprel aylarında keçirilən buraxılış imtahanında abituriyentlər yüksək nəticələr göstərib və təkcə maksimum göstəricini – 300 balı toplayanların sayı 53 nəfər olub. Görünür, bu nəticə DİM rəhbərliyini qane etməyib. Çünki bu halda Təhsil Nazirliyi sınaqdan uduşlu çıxmış kimi görünür.

Görünür, bu səbəbdən M.Abbaszadənin komandası “düyməni basmaq” və növbəti mərhələdə sualları anormal dərəcədə çətinləşdirmək qərarına gəlib. Ümumiyyətlə, Abbaszadənin uzun illərdən bəri Təhsil Nazirliyi ilə apardığı “intriqanın” səbəb və mahiyyəti barədə bir şey demək çətin olsa da, ötən illərdə bir neçə Təhsil nazirinin dəyişməsinə baxmayaraq, bu münasibətin dəyişməz olaraq qaldığı danılmazdır. Bundan ən çox əziyyət çəkən isə zatən tərifə layiq olmayan Təhsil Nazirliyi yox, abituriyentlərimiz, övladlarımızdır.

Təəssüf ki, onlara gerçək təhsili Təhsil Nazirliyinin tabeliyindəki məktəblərdən daha çox repetitorlar, özəl kurslar verir və bunu DİM-in başında duranlar da gözəl bilirlər. Buna baxmayaraq, öz heyflərini aylarla, illərlə çəkdikləri zəhmət qarşılığında bu cür anormal imtahanla qarşı-qarşıya qalan və nəticədə xəyal qırıqlığı, stres yaşayan abituriyentlərdən çıxırlar.

DİM-ə bu səlahiyyəti kim verib və bu qurum öz ağlına, kefinə uyğun imtahan sualları salmaqda hansı həddə qədər sərbəstdir? Bu qurumun qeyri-adekvat addımları nə vaxta qədər davam edəcək? Bunun hansısa hüquqi, inzibati tənzimlənməsi varmı və varsa, necə həyata keçirilməlidir? Bütün bunlara təkcə hüquqşünaslar deyil, DİM-in işinə nəzarət edən orqanlar da aydınlıq gətirməlidirlər…

“AzPolitika.info”

Paylaş: