Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” (ATT) ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov və qurumun digər vəzifəli şəxsləri Kürdəmir və Yevlax rayonlarında yerli fermerlərlə görüş keçirib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) baş tutan görüşlərdə fermerlərə ATT-nin fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verilib, onların problemləri dinlənilib.
Sərxan Sərxanov Yeni il bayramı ilə əlaqədar təşkil olunacaq bayram yarmarkasına da toxunub: “Biz hal-hazırda sizə alternativ satış kanalları və əlavə gəlir qazandırmaq üçün “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə” və AFAQ layihələrini həyata keçiririk.
“Kənddən Şəhərə” layihəsinə qoşulmaqla siz Bakıda hər həftəsonu təşkil olunan yarmarkalarda ödənişsiz iştirak edə və satış mərkəzlərimizdə öz məhsullarınızı paytaxt sakinlərinə təqdim edə bilərsiniz. Qeyd edim ki, 21-30 dekabr tarixlərində isə Bakının 5 müxtəlif nöqtəsində “Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq. Hər birinizi bu yarmarkalarda iştiraka dəvət edirəm. “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi isə sizə təsərrüfatınızda yerli və xarici turistləri qəbul etməklə əlavə gəlir qazandıracaq. AFAQ isə qadınları dəstəkləyən bir layihədir. Biz istəyirik ki, aqrar sahədə fəaliyyət göstərən qadınların sayı daha çox, problemləri isə daha az olsun”.