Siyasət

Azərbaycan, Türkiyə və Rusiyada ifşa olunan fransız casuslar – siyahı genişlənəcəkmi? – ANALİZ

Bu gün dünyadakı “Fransa mifi” sürətlə dağılmaqdadır. Artıq “Demokratiya beşiyi”, “insan hüquq və azadlıqlarının carçısı” statusunu itirərək daha çox “casus dövlət” kimi tanınmağa başlayır.

Yelisey sarayının xarici və daxili siyasətdə uğursuzluqlar seriyasına daha biri əlavə olunur – söhbət Rusiyada fransız casus şəbəkəsinin faş olunmasından gedir. Azərbaycan və Türkiyənin ardınca bu ölkədə ifşa edilən agentura sisteminin aktiv üzvü saxlanılıb. “Moskvada casusluqda ittiham olunan Fransa vətəndaşı saxlanılıb”, – Rusiya istintaq Komitəsinin yaydığı məlumatda vurğulanıb. Onu məxfi informasiyaları toplamaqda ittiham ediblər. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs ölkənin hərbi və hərbi-texniki fəaliyyəti sahəsində məqsədyönlü məlumatların toplanmasını həyata keçirib. Şübhəli şəxs “Xarici casuslar haqqında” qanunda nəzərdə tutulan öhdəliklərdən yayınmaq maddəsi üzrə saxlanılıb.

O, ölkənin təhlükəsizliyini təhdid edən xəbərlər toplayıb, Fransaya ötürürmüş. Məhz buna görə də şübhəli əlavə dindirilmək və barəsində həbs qətimkan tədbirinin təyin edilməsi üçün İstintaq Komitəsinə aparılıb.

Qeyd edək ki, Moskva ilə Paris arasında münasibətlər Ukraynadakı müharibə səbəbindən kəskin şəkildə pisləşib. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukrayna kömək istəsə, Qərb qüvvələrinin bu ölkədə peyda ola biləcəyini deyib.

Baş verən son hadisələr onsuz da gərgin olan Paris-Moskva münasibətlərinə ciddi xələl gətirəcək. Qeyd etdiyimiz kimi, bu gün Rusiya ilə Fransa arasında münasibətlər inkişafının ən aşağı həddindədir. Fransız casusun saxlanması onsuz da alovlanan yanğının üstünə yağ səpələyəcək. Təbii ki, baş verənlərdə şəxsən Makronun xüsusi rolu var. Onun siyasəti hər vəchlə dövlətlər və xalqlar arasında süni eskalasiya yaratmağa yönəlib. Fransız casusun saxlanması Moskva ilə Paris arasında gərgin münasibətlərə əlavə problemlər qatacaq.

Xatırladaq ki, Fransanın Rusiyada ifşa olunan casus qalmaqalı ilk hal deyil. Bundan əvvəl Türkiyə və Azərbaycanda da analoji insidentlər yaşanıb. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) fevralın 20-də Fransa Kəşfiyyat İdarəsinin ölkədəki fəaliyyətini ifşa edib. Qeyd olunub ki, 1 ildir Fransa Kəşfiyyat Xidməti üçün casusluq etdiyi müəyyənləşən 3 nəfər saxlanılıb. Casuslar arasında olan Ahmet Kati və digər 2 şəxs Fransa Kəşfiyyat Xidmətinin xəbərdarlığından sonra Türkiyəni tərk edərkən MİT və İstanbul polisi tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Casuslar saxlanılaraq həbsxanaya göndərilib.

Əldə edilən məlumatlar və sənədlər göstərir ki, Suriya böhranı başlayandan bəri Türkiyə bölgə xalqına hər cür yardım göstərir. Fransa isə Suriya böhranını öz çirkin niyyətlərinin fürsətinə çevirir. Onlardan sığınacaq istəyən suriyalı ailələri Türkiyə əleyhinə yalan məlumat yaymağa məcbur edir, bunu Ankara əleyhinə istifadə niyyəti ilə reallaşdırır. Məqsəd də Türkiyənin miqrasiya siyasətini tənqid edərək beynəlxalq aləmdə gözdən salmaqdır. Saxlanılan suriyalıların Parisdəki “Hələbin Dostları Cəmiyyəti (Collectif des Amis d’Alep)” adlı qeyri-hökumət təşkilatının əlaqələri üzə çıxıb. Bu casusluq fəaliyyəti Türkiyə kəşfiyyatı tərəfindən üzə çıxarılanda Fransa kəşfiyyatının tələbi ilə onlara rəsmi Parisin İstanbuldakı Baş konsulluğu təcili viza verib. Həmin şəxslər xaricə qaçmağa cəhd etsələr də, təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıblar.

Yeri gəlmişkən, Fransa xüsusi xidmət orqanlarının Şərqi Avropa və Qafqazdan başqa, Mərkəzi Asiya, Yaxın Şərqin bir çox ölkələrində də təxribat və casusluq şəbəkələri yaratmaq cəhdləri olub. Yuxarıda sadaladıqlarımız yalnız üstü açılanlardır. Onların digər ölkələrdə də belə fəaliyyət qurduğu şübhə doğurmur. Məhz Azərbaycanda faş edilən casus şəbəkəsi isə riyakarlığın pik həddi idi.

Paris Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun üzvü ola-ola uzun illər birtərəfli qaydada işğalçı dövlətə dəstək verib. Ərazi bütövlüyünü müdafiə edən Azərbaycana qarşı hər cür böhtan və təhqirlər yağdırmaqla yanaşı, Ermənistanı silahladırmaqdan da çəkinməyib. Bu cəhdləri uğursuzluqla nəticələndikdə isə “casus şəbəkəsini” işə salıb. Bəlli olub ki, Azərbaycanda ifşa olunan şəbəkə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif məqsədli əməliyyatlar icra edib. Agentura şəbəkəsi Fransa səfirliyi daxilində fəaliyyət göstərib. Onlar bir sıra ölkələrin nümayəndələri ilə bağlı kəşfiyyat aparıblar. Şəbəkə regionda yeni məqsədlər formalaşdırmaqla təsir dairəsini genişləndirməyə çalışıb. Şəbəkəyə daxil olan üzvlərin bir çoxu əvvəllər və ya indi Azərbaycanda xidmət edib, bəziləri isə müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda çalışırlar.

Şübhəsiz ki, müxtəlif ölkələrdə agentura şəbəkələrinin ifşa olunması E.Makron hökumətinin iflası deməkdir. Demokratiyadan danışan normal ölkələrdə bu cür ifşa olunmuş liderlər adətən istefa verərək vəzifələrini üzüsulu tərk edirlər. Makron hökumətindən isə bunu görmürük.(Report)

Paylaş: