Son vaxtlar bəzi qazilər statuslarından sui-istifadə hallarına yol verərək müxtəlif dövlət qurumlarına qarşı qanunsuz tələblərlə çıxış etməyə çalışırlar
Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına 44 günlük müharibədə şanlı qələbəmizlə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin uzun illər apardığı siyasət, dövlət başçısının nümayiş etdirdiyi qəti iradə və prinsipiallıq, igid oğullarımızın şücaəti, cəsarəti, böyük Vətən sevgisi öz bəhrəsini verdi. Üç minə yaxın şəhid verdik, minlərlə insan qazi statusu qazandı.
Azərbaycan bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqətə görə dünyanın ən qabaqcıl dövlətidir. Şəhid ailələri və qazilərə olan bu qayğı “Azərbaycan modeli” kimi bir çox dövlətlər tərəfindən öyrənilməkdədir. Azərbaycan cəmiyyəti bu baxımdan üzərinə düşən məsuliyyəti lazımınca dərk edir.
Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt və Xızıda da şəhid ailələri və qazilərə qayğı göstərilməsi istiqamətində mühüm addımlar atılıb və atılmaqdadır. Bununla yanaşı, son vaxtlar bəzi qazilər statuslarından sui-istifadə hallarına yol verərək müxtəlif dövlət qurumlarına qarşı qanunsuz tələblərlə çıxış etməyə çalışırlar. Bu cür hallar arzuedilməzdir.
Cəmiyyəti aldadan, eyni zamanda, dövlətin bu istiqamətdə gördüyü işlərə kölgə salan bu şəxslər belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya qazilər dövlətin diqqətindən kənarda qalıblar. Son vaxtlar qazi adından sui-istifadə edən bir neçə belə şəxsin ifşa edilməsi söylədiklərimizə nümunədir.
Bu gün cəmiyyətdə digər qaziləri öz ətrafında cəmləmək, onların adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək və dövlət orqanlarına təsir üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Qazilərimiz bu məsələdə diqqətli olmalı, belə qüvvələrdən uzaqda durmalı, kimlərinsə onlardan istifadə etməsinə imkan verməməlidir.
Görülən işlərə kölgə salmaq istəyən qazilərdən biri də, Sumqayıt şəhərində yaşayan ehtiyatda olan baş leytenant Pərvin Abdullayevdir. O, özünün “Pervin Abdullayev” adlı Tiktok hesabında izləyici kütləsi toplamaq, o cümlədən cəmiyyətdə qazilərə dövlət tərəfindən verilən dəstəyi şübhə altına almaqla məşğuldur. Bununla P.Abdullayevin özünü “ictimai-fəal” kimi cəmiyyətə təqdim etməyə çalışdığı, ayrı-ayrı şəxslərə təsir göstərməklə maddi maraqlarını təmin etdiyi qənaətinə gəlinmişdir.
Onun paylaşım etdiyi şəxslərlə bağlı Sumqayıt şəhər və Xızı rayon İcra Hakimiyyətlərindən sorğumuza verilən cavabları diqqətinizə çatdırırıq:
Məsələn, Pərvin Abdullayev tərəfindən sosial şəbəkələrdə yaşayış və iş yeri olmayan şəxs kimi təqdim olunan Vətən müharibəsi iştirakçısı, Xızı rayonu, Giləzi qəsəbəsi sakini Musayev Müslüm Mirbala oğluna “DOST İş Mərkəzi” MMC-də sosial iş təkilf olunmuş, orada işləməyə razılaşmadığından ona “Özünüməşğulluq” proqramı çərçivəsində 3 baş iri buynuzlu heyvan verilmişdir. Lakin M. Müslümov həmin mal-qaranı sataraq aktivlərdən təyinatı üzrə istifadə etməmişdir. Onun Giləzi qəsəbəsində evinin olmasına baxmayaraq Sumqayıt şəhərində məskunlaşmışdır. (P.Abdullayevin M.Musayev barədə hazırladığı video)
Pərvin Abdullayevin sosial şəbəkə hesabında paylaşdığı qazi Əlizadə Rəşad Möhtəşəm oğluna diqqət yetirək. O, dövlət tərəfindən R. Əlizadəyə edilən yardımları heçə alır və özünə xal toplamaq üçün cəmiyyətdə narazılıq yaratmağa cəhd edir.
Burada bir haşiyəyə çıxıb R. Əlizadəyə edilən yardımlara diqqət yetirək:
İmtiyazlı şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən St.Sumqayıt yaşayış massivində 2 otaqlı mənzillə təmin olunmuşdur.
Onun ailəsi Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən milli və dövlət bayramları münasibətilə dəfələrlə ziyarət olunmuş, hər dəfə ərzaq və maddi yardımlar göstərilmişdir.
Bununla yanaşı Əlizadə Rəşad Möhtəşəm oğlu mənzillə təmin olunanadək 6 aylıq kirayə pulunun ödənilməsi təmin olunmuşdur.
O, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ilin may ayında Nəqliyyat Departamentində işlə təmin edilmiş və 3 aydan sonra öz xahişi ilə işdən çıxmışdır. Həyat yoldaşı 2023-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sosial işçi kimi işlə təmin edilmişdir.
Digər bir qaziyə qarşı dövlətin qayğısına nəzər yetirək:
Söhbət Sumqayıt şəhərində yaşayan, birinci qrup müharibə əlili Əzizov Rəvan Qalib oğlundan gedir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən St. Sumqayıt yaşayış massivində 2 otaqlı mənzillə təmin edilmişdir. Evin tək övladıdır. Hazırda ailəsi ilə birlikdə 6-cı mikrorayonda Kristal Abşeron yaşayış kompleksində yaşayır. Ona Milli və Dövlət bayramları münasibətilə dəfələrlə ərzaq yardımları və maddi köməkliklər göstərilmişdir. R.Əzizov 18.02.2023 və 03.11.2023-cü il tarixlərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul olunmuşdur. Qəbul zamanı fərdi ev üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Xəzər Bağları yaşayış massivindən ona 6 sot torpaq sahəsi ayrılmışdır. Hazırda tikinti işləri aparılır. (P.Abdullayevin R.Əzizov barədə hazırladığı video)
Azərbaycan döyüşçülərinin şücaəti, igidliyi, rəşadəti hesabına tariximizin qəhrəmanlıqlarla dolu səhifəsinin yazılmasında payı olan qazi, Xızı rayon sakini Baxşizadə Kamran Tarel oğlunun ötən günlərdə xəbər saytlarında yayımlanmış müsahibəsində Prezident İlham Əliyev başda olmaqla, müvafiq dövlət qurumları tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğu, ona Sumqayıt şəhərində 3 otaqlı mənzil və “Xazar” markalı minik avtomobili verildiyi əks olunmuşdur. Onun sözlərinə görə Xızıda valideynləri ilə birgə yaşadığı fərdi ev Ədliyyə Nazirliyi tərəfindən yüksək keyfiyyətlə tam təmir olunub. Həyət və küçə asfaltlanıb. Bayramlarda və əlamətdar günlərdə sovqat və yardımlar göndərilir. Ailə üzvlərinin işlə təmin olunmasında köməklik göstərilib. Bütün bunları müsbət qiymətləndirən qazi bildirmişdir ki, DOST Mərkəzi tərəfindən bacım işlə təmin olunaraq mənə qulluq edir, xidmət göstərir. Qardaşım Şükür Baxşizadə Xızı Rayon Məhkəməsində mənim əvvəllər icra etdiyim vəzifəyə təyin olunub. O, hal-hazırda hərbi xidmətdədir. Onu da qeyd edim ki, Xızı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, “YAŞAT” Fondu, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi öz diqqət və qayğılarını heç zaman əsirgəmirlər.” deyə dövlət tərəfindən ona göstərilən dəstək və yardımlar haqqında danışmışdır. Halbuki P.Abdullayev qazimizin güya ehtiyac içində olduğunu özünün “Pervin Abdullayev” adlı instagram hesabında paylaşmış, onun adından pul toplamağa çalışmışdır. (P.Abdullayevin K.Baxşizadə barədə hazırladığı video)
Bütün bunlar deməyə əsas verir ki, P. Abdullayevin sosial şəbəkələrdə bu şəxslərlə bağlı etdiyi paylaşımlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır. Qazi adından sui-istifadə yolverilməzdir, Pərvin kimilər belə əməllərindən çəkinməli və bu cür hallara qarşı birgə mübarizə aparılmalıdır.
Unutmayaq Dövlət baba hər zaman yanımızdadır !