Cəmiyyət

Xaricdən gətirilən yağı bölüb Azərbaycan adı altında satırlar – BU NƏDİ BELƏ?!

Ölkədə satılan kərə yağlarının qiyməti bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.

Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Əgər yanvar ayında idxal kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat idisə, may ayında bu rəqəm 19,79 manat olub.

Bu da 1,3 faiz artım deməkdir.

Qeyd edək ki, bu gün bazarda müxtəlif ölkə istehsalı olan yağlar kifayət qədərdir.

Həmin yağların bir çoxunun üzərində “kərə yağı” yazılmasına baxmayaraq, reallıq heç də belə deyil. Maraq doğuran odur ki, yerli kərə yağları idxal yağlarından daha baha qiymətə satılır. Yerli kərə yağının idxal kərə yağlarından baha olmasının səbəbi nədir?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Cebhe.info”-ya bildirib ki, Azərbaycanda bazara çıxarılan yerli kərə yağının bir hissəsi əslində xaricdən gətirilən böyük həcmli kərə yağının hissələrə bölünərək satılmasıdır:

“Yəni bizə elə gəlir ki, bu, daxili istehsaldır. Ümumiyyətlə, Azərbaycan kərə yağının həm istehsalında idxaldan asılıdır, həm də istehlakın 70 faizi idxaldan asılıdır. Son vaxtlar dünya bazarında südün qiyməti ucuzlaşanda, Azərbaycanda kərə yağının qiyməti düşmədi. Ancaq FAO-nun verdiyi məlumata görə, dünya bazarında sonuncu ayda nisbətən süd və süd məhsullarının qiymətində artım var. Dərhal bizim işbazlar kərə yağının qiymətini artırdılar. Baxmayaraq ki, Azərbaycanda təklif olunan kərə yağının qiyməti normal standarta cavab vermir. Hətta Avropadan gətirilən kərə yağı digər qatqılar əlavə edilərək kərə yağı kimi təqdim olunur.

Bizdə daha çox idxal olduğu üçün qiymət idxaldan asılıdır. Yəni dünya bazarında həm süd məhsullarının, həm də kərə yağının qiymətində artım baş verəcəksə, bu, mütləq Azərbaycanda özünü göstərəcək”.

Ekspertin sözlərinə görə, yerli istehsal üçün ot, yem istehsalını artırmaq lazımdır:

“Azərbaycanda da son illər görürük ki, ot və digər yemlərin də istehsalı əvvəlki illərlə müqayisədə azalmaqdadır. Bu səbəbdən də heyvan sayı azalır.

Məsələn, 1 kiloqram yağ əldə etmək üçün 24 litr süd tələb olunur. Kəndliyə sərf edir ki, həmin südü 1.20- 1.30 manatdan bazara çıxarıb satsın, nəinki ondan yağ əldə etsin. Yağ əldə edilməsi bahalı, saxlanması, daşınması, satılması uzun bir prosesdir. Azərbaycan o zaman özü normal keyfiyyətdə, əlçatan qiymətə kərə yağı istehsal edəcək ki, ölkədə heyvandarlıq, yemçilik inkişaf etsin. Yemçiliyi inkişaf etdirmədən, heyvandarlığı inkişaf etdirə bilməyəcəyik. Yaxın bir neçə ildə Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə baxıram, hökumətin üzərinə düşən vəzifənin öhdəsindən gələcək kadrlar görmürəm. Ona görə də vəziyyət getdikcə pisləşəcək”.

Paylaş: