Təhsil

SABAH qruplarının məzun günü keçirilib

Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” mərasimi keçirilib.”Zirvə yolu” xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib ki, SABAH-ın yaradılmasında məqsədlərdən biri həm də tələbələr arasında rəqabət mühitinin formalaşdırılması olub:”SABAH proqramı ilə ali təhsil müəssisələrinə yeni nəfəs gətirmək istəyirdik. On ildən sonra nəticələrə baxanda, əsaslı şəkildə böyük fərqlər görürük. SABAH-ın yaradılmasında məqsədlərdən biri də tələbələr arasında rəqabət mühitinin yaradılması idi”.Nazirin sözlərinə görə, SABAH-ın daha da genişləndirilməsi üçün startaplar istiqamətində mühüm işlər görülür:”Biz SABAH-ı bitirən tələbələri iş axtaran yox, işəgötürən şəxslər kimi görmək istəyirik”.E.Əmrullayev həmçinin bu ildən başlayaraq Qarabağ Universitetində SABAH qruplarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb:”Mən əminəm ki, bu gün məzun olan SABAH tələbələri işğaldan azad olunan ərazilərdə də fəaliyyət göstərəcək. SABAH qrupu tələbələrinin bu mənada daha böyük məsuliyyətləri var”.Mərasim zamanı SABAH-ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirilib.Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib. Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar təltif olunublar.Təltifetmə mərasimindən sonra “SABAH qrupları – 2024” mövzusunda videoçarx nümayiş olunub. Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi kompozisiyaları təqdim edilib.Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkdirilib.Xatırladaq ki, 2023-2024-cü tədris ilində 43 ixtisas üzrə 1324 tələbə SABAH tələbəsi adını qazanıb. 2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olub. Hazırda Elm və Təhsil Nazirliyi SABAH qrupları 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 2846 tələbəni və bu ilin məzunları da daxil olmaqla ümumilikdə 2014-2024-cü illər ərzində 6842 məzunu (bakalavr və magistr pilləsi üzrə) əhatə edir.Ümumilikdə SABAH qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfərdir.SABAH qrupları layihəsi əmək bazarının artan tələblərinə müvafiq olaraq intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək məqsədi ilə fəaliyyətə başlayıb.

Paylaş: