Cəmiyyət

“Əziz, AAYDA. Pirşağı Bakıdır, Pirşağı Azərbaycandır…” – NARAZILIQ VAR…

Bəxti gətirməyən kəndlərdən biri də Pirşağı kəndidir. Əvvəllər, yəni il əvvəl kəndin bir hissəsinə demək olar ki, su verilmirdi. Yazdıq-pozduq, kəndin suyunu az da olsa bərpa etdik. Sonra prezidentin gəlişi ilə əlaqədar kəndin daxili yollarına asfalt döşədilər. Elə gözəl yol salmışdılar ki, baxan bir də baxmaq istəyirdi. Axı, prezident gələcəkdi, qüsur tapmamalı idi.

Deyim var: Qılınc müsəlmanıyıq axı… Pirşağılılar sevinmişdi ki, “yollarımız düzəldi”, bir tərəfdən yolları dağıdıb kanalizasiya sistemi çəkməyə başladılar, digər tərəfdən elektrik xətlərini yolun altından çəkməyə qərar verdilər.

Burada bir nüansı qeyd etməliyəm ki, mən evimə işıq çəkdirmək üçün ASAN xidmətə müraciət etmişdim. Gəlib, ölçüb-biçib xətt çəkilişi üçün 1400 manat pul istəmişdilər. Mənim köhnə bir xəttim var idi. Düşündüm ki, 1400 manatı ödəməkdənsə, köhnə xətti istifadə edərəm. Bu dəfə yolu söküb, elektrik xəttini yerin altından çəkməyə qərar verəndə, gətirib işıq sayğacını bir manat belə almadan qapımda quraşdırdılar. Bunun üçün “Azərişıq” ASC- yə xüsusi “təşəkkür” düşür.

Əslində, qınadığım da “Azərsu” QSC və ya “Azərişıq” ASC deyil. Problemin kökü yolu çəkən qurumdadır.

Elektrik-kanalizasiya sisteminin quraşdırmasını nəzərə almadan yol çəkərlər?
Uşaq deyiləm, başa düşürəm. Büdcəni “şəffaf”laşdırmaq cəhdi ilə prezidentin gözünə girməyə “çalışan” qurum kimi görünmək istəyi qəbulediləndir. Amma unudursunuz ki, sizin çəkib-sökdüyünüz yolların pulu dövlət büdcəsindən gedir. Gedin, sizi fəaliyyətinizi sorğulaya biləcək səlahiyyətli orqanlara tapşırıram…


Keçək mətləbə… İki aydır ki, yenə pirşağılılar çətinlikdədir. Belə ki, adını bilmədiyimiz qurum iki aydır ki, sözün əsl mənasında əsas yolu “kəsib”. Yolların kənarına daşlar yığıblar ki, “piyadalara səki lazımdır, yolu qaydasına salırıq”. Söhbət Hüseynbala Əliyev küçəsindən gedir. Əvvəllər bu küçə təmirsiz olsa da, geniş idi. Həm sürücülər, həm piyadalar rahat hərəkət edə bilirdilər. İndi bu küçə həm təmirsiz, həm də dardır. Nə piyadalar doğru-düzgün yolunu gedə bilir, nə sürücülər.

Ötən gün yol kənarında fəaliyyət göstərən gözəllik salonlarından birinə getmişdim. Orada olduğum 2 saat müddətində 3 qəza baş verdi. Düzdür, yüngül qəzalar idi, amma fakt olaraq vətəndaşların əmlakı zərər gördü.

Yolun darlaşdırılması yol kənarında olan marketlərin də müştəri axınını azaldıb. Yola qoyulan daş parçaları ərazini o qədər darlaşdırıb ki, heç kim avtomobilini saxlayıb marketə daxil ola bilmir. İki zolaqlı yol, olub 1,5 zolaq. Sürücülər acınacaqlı şəkildə əziyyət çəkir. Hələ piyadaları demirəm. Yolların kənarından qazılmış torpaq qalaq şəklində yığılıb. Hardan keçəsən? Yolun hərəkət hissəsindən keçməyə məcbursan, bu zaman da avtomobillərin darlaşdırılmış yolunu zəbt edirsən.

Salonda çalışan xanım deyir ki, hər gün azı 7-8 avtomobil qəzası baş verir: “Bir neçə gün öncə avtomobil piyadanı vurmamaq üçün gedib ağaca çırpıldı. Yolu darlaşdırandan sonra qəzaların sayı artıb. Mən özüm də qorxa-qorxa işləyirəm ki, kimsə gəlib, avtomobillə salona çırpılar”.

Söhbət Pirşağı kəndindəki Hüseynbala Əliyev küçəsindən gedir. Aidiyyatı qurumlara müraciət edirik ki, görəcəyiniz iş özünüzə qalsın, gəlib tökdüyünüz daşları və qazıb qarışdırdığınız torpağı sahmana salın. Yoxsa bununla bağlı prezidentə müraciət ünvanlamalı olacağıq ki, “kəndimizi dövlət qurumları qara günə qoyub”…

Yeri gəlmişkən, müraciət ünvanlayım: “Əziz, AAYDA. Pirşağı Bakıdır, Pirşağı Azərbaycandır. Gəlin, bizim yolumuzu çəkin, biz də insan kimi yaşamaq istəyirik”…

Bizimyol.info

Paylaş: