İqtisadiyyat Manşet

Füzuli Beynəlxalq Hava Limanı: Qarabağın hava qapısı və inkişaf simvolu

Üç il öncə işğaldan azad olunan ərazilərdə rekord müddətdə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. “Zirvə yolu”nun “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən verdiyi məlumata görə, bu hava limanı Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır.Füzuli aeroportu, qısa müddət ərzində bir çox hökumət başçılarını, dövlət və xarici beyin mərkəzlərinin yüzlərlə nümayəndəsini qəbul etmişdir ki, bu da onun strateji əhəmiyyətini və regionun gələcək inkişaf perspektivlərini vurğulayır.Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanı, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində 40-dan çox reys qəbul edib və yola salıb. Onların sırasında 10-dan çox təyyarə növü var idi: “Gulfstream V”, “Falcon 7X”, “Airbus 319”, 320, “Embraer 190”, geniş gövdəli İL-96, “Airbus 330”, 340 və “Boeing 787” kimi hava gəmilərinin Füzuli aeroportuna uğurlu enişi, onun müxtəlif tipli təyyarələri qəbul etmək qabiliyyətini, müasir texnoloji səviyyəsini və beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiqləyir.Füzuli aeroportunda müxtəlif növ hava gəmilərinin təhlükəsiz və rahat şəkildə enib qalxmasına imkan verən 3 000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı mövcuddur. Hava limanında avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi ICAO və IATA standartlarına müvafiq şəkildə uçuşların idarə olunmasını təmin edir.Bundan əlavə, müasir infrastrukturla təchiz olunan terminal, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr mövcuddur ki, bu da gələn sərnişinlərin və qonaqların rahatlığını təmin edir.Bu gün Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu, bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzə çevrilməkdədir. İyulun 17-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın Qarabağa müntəzəm reyslərinin başlanması ilə, bu regionun Azərbaycan və dünya ilə daha da sıx inteqrasiya edilməsi istiqamətində yeni bir mərhələ başlanacaq. Bu həm də Qarabağın gələcək inkişafı və onun turizm potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edəcək.

Paylaş: